Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır
Bakı, 4 sentyabr, AZƏRTAC
Həkimlərin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır. 72 mindən çox tibb işçisinin əməkhaqqının artırılması üçün illik əlavə 189 milyon manat, yaxud ayda 15,75 milyon manat vəsait yönəldiləcək.
Bu barədə AZƏRTAC-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, artımlar müxtəlif kateqoriyalar üzrə fərqlənir: “Ailə və sahə həkimlərində artım 74 faiz, bəzi təcili yardım həkimlərində 61 faiz, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarında isə 107 faizə çatır. Nəticədə ayrı-ayrı həkim kateqoriyalarında aylıq əməkhaqqı 2000-3000 manat səviyyəsinə yüksəlir. Regionlar üçün ayrıca stimulların tətbiqi də xüsusilə vacibdir. Çünki Bakı ilə müqayisədə regionlarda həm tibbi xidmətlərin imkanları, həm də ixtisaslı həkim təminatı baxımından ciddi fərqlər qalır. Kadr çatışmazlığı olan regionlarda müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin regionlara cəlb olunması baxımından doğru yanaşmadır.
Ancaq bu islahatda əməkhaqqı artımından daha çox diqqət çəkən başqa bir yenilik də var. Söhbət həkimlərin stimullaşdırıcı ödənişlərinin pasiyent məmnunluğu ilə əlaqələndirilməsindən gedir. Yeni yanaşmaya əsasən, pasiyent göstərilən xidməti 1-dən 5-dək qiymətləndirəcək, aylıq orta göstərici hesablanacaq və nəticədən asılı olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8–1,2 əmsalı tətbiq ediləcək. Yəni pasiyent məmnunluğundan asılı olaraq həkimin stimullaşdırıcı ödənişi 20 faiz arta və ya 20 faiz azala bilər. Məsələn, aylıq stimullaşdırıcı ödənişi 2500 manat olan həkim üçün 0,8 əmsalı bu məbləği 2000 manata endirəcək, 1,2 əmsalı isə 3000 manata qaldıracaq. Beləliklə, eyni baza göstəricisinə malik iki həkimin yalnız pasiyent məmnunluğuna görə aylıq ödənişi arasında 1000 manat, illik isə 12000 manat fərq yarana bilər. Məncə, məhz bu yanaşma əməkhaqqı artımının özündən də əhəmiyyətlidir. Dövlət xidmətlərində əməkhaqqının məbləği qədər onun fəaliyyətin nəticəsinə uyğun formalaşması da vacibdir. Yaxşı xidmət göstərən əməkdaşın daha yüksək gəlir əldə etməsi həm ədalətli, həm də stimullaşdırıcı yanaşmadır”.
İqtisadçı qeyd edib ki, bu prinsip səhiyyə ilə məhdudlaşmamalıdır. Elektrik enerjisi, təbii qaz və kommunal xidmətlərdən tutmuş təhsil və digər dövlət xidmətlərinə qədər əməkdaşların maddi stimullaşdırılmasının müəyyən hissəsinin xidmət keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqələndirilməsi xidmət səviyyəsinin yüksəlməsinə ciddi təsir edə bilər: “Peşəkar özəl şirkətlər bu yanaşmadan çoxdan istifadə edirlər. Əməkdaşın gəliri müştəri məmnunluğu ilə əlaqələndirildikdə onun keyfiyyətli xidmət göstərmək üçün maddi marağı artır. Nəticədə xidmətin keyfiyyətinin yüksəldilməsi əməkdaşın özünün də iqtisadi marağına uyğun gəlir.
Dövlət xidmətlərində vətəndaş həmin xidmətin istehlakçısıdır. Buna görə də nəticəyə görə diferensial ödəniş modelinin digər dövlət xidmətlərində də tətbiqi xidmət keyfiyyətinin yüksəldilməsi üçün təsirli mexanizmlərdən biri ola bilər. Təbii ki, burada bir şərt xüsusilə vacibdir. Pasiyent məmnunluğunun ölçülməsi obyektiv, kifayət qədər geniş qiymətləndirməyə əsaslanan və manipulyasiya imkanlarını minimuma endirən sistem üzərində qurulmalıdır. Əks halda düzgün yanaşmanın effektivliyi qiymətləndirmə mexanizminin çatışmazlıqları səbəbindən zəifləyə bilər”.