BMT-nin Baş Assambleyası “BMT-80” təşəbbüsü çərçivəsində ilk struktur dəyişikliyini təsdiqləyib
Bakı, 4 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyası BMT Sistemi Personalı Kolleci ilə BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) birləşdirilməsini təsdiqləyib. Bu, Təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş “BMT-80” təşəbbüsü çərçivəsində ilk struktur birləşməsidir.
AZƏRTAC BMT Xəbərlər Xidmətinə istinadla xəbər verir ki, müvafiq qətnamə layihəsini 132 dövlət dəstəkləyib, dörd dövlət əleyhinə səs verib, bir dövlət isə bitərəf qalıb.
Sənədə əsasən, Personal Kollecinin mandatları, funksiyaları, əməkdaşları, əmlakı, aktivləri, hüquqları və öhdəlikləri UNITAR-a ötürülür. Keçid mərhələsində hər iki strukturun əsas təlim resursları və coğrafi təmsilçiliyi qorunub saxlanılacaq.
2026-cı il dekabrın 31-dək başa çatdırılması planlaşdırılan birinci mərhələdən sonra UNITAR yeni ad alacaq – BMT-nin Potensialın İnkişafı və Təlim üzrə İnnovasiya İnstitutu.
“81-ci sessiyanın başlanması ərəfəsində üzv dövlətləri “BMT-80” təşəbbüsünün dinamikasını sadəcə qoruyub saxlamağa deyil, onu daha da gücləndirməyə çağırıram”, – deyə A.Quterreş bildirib. O, bu fikirləri 2025-ci ilin martında dünya təşkilatının 80 illiyi ilə əlaqədar Baş katib tərəfindən təqdim edilmiş, BMT sistemində hərtərəfli islahat nəzərdə tutan “BMT-80” təşəbbüsü ilə bağlı çıxışı zamanı Baş Assambleyada səsləndirib.
“80 il əvvəl sələflərimiz Birləşmiş Millətlər Təşkilatını yaratdılar, çünki onlar mürəkkəb dünyanın dövrün tələblərinə cavab verə bilən institutlara ehtiyac olduğunu başa düşürdülər. İndi bu məsuliyyət bizim üzərimizə düşür. Bizim vəzifəmiz BMT-ni təhvil aldığımız vaxtdan daha güclü vəziyyətdə gələcək nəsillərə ötürməkdir”, – deyə A.Quterreş bildirib.
Onun sözlərinə görə, “BMT-80” təşəbbüsünün hər üç istiqaməti, – BMT Katibliyinin fəaliyyətinin səmərəliliyinin artırılması, mandatların icrası qaydasının yenidən nəzərdən keçirilməsi, habelə struktur dəyişiklikləri və proqramların yenidən qurulması, – üzrə səylərin məğzi getdikcə daha aydın olur.
“BMT-80” təşəbbüsü BMT sisteminin səmərəliliyini artırmaq və funksiyaların təkrarlanmasını azaltmaq məqsədilə başladılıb. İslahat çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) ilə BMT Layihə Xidmətləri İdarəsinin (UNOPS), həmçinin BMT-nin Əhali Fondunun (UNFPA) və “BMT-Qadınlar” strukturunun mümkün birləşdirilməsi ilə bağlı təkliflər də nəzərdən keçirilir.
BMT-nin Baş katibi Antonio Quterreş Baş Assambleyanın qərarını alqışlayaraq, onu “BMT-80” təşəbbüsünün həyata keçirilməsində mühüm addım adlandırıb.