Polo komandasının kapitanı: Turnirə hazırıq, özümüzü favorit hesab edirəm
Bakı, 4 sentyabr, AZƏRTAC
Binə Atçılıq və İstirahət Mərkəzində keçirilən açıq məşqdən sonra "Elite Polo Club" komandasının kapitanı Elçin Camallı jurnalistlərə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, komandanın kapitanı hazırlıq prosesinin yüksək səviyyədə davam etdiyini bildirib:
“Hazırlıq yaxşı gedir, məşqlərimiz hər gün mütəmadi olaraq davam edir. Bu yarış üçün Argentinadan gətirilmiş atlar iştirak edəcək. Bu atların hamısını özüm seçmişəm. Yaxşı hazırlaşmışıq, özümüzü favorit görürəm”.
Çimərlik polosunda qaydaların böyük polodan fərqli olduğunu xatırladan E.Camallı komandanın təcrübəsindən söz açıb: “Biz artıq neçə ildir peşəkar şəkildə oynayırıq. Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycan tarixində ilk böyük nailiyyəti qazanmışıq — Avropa çempionu olmuşuq, Dünya kuboklarında qalib gəlmişik. Bu yarışa da yetərincə hazırıq. Qarşımızda böyük hədəflər var”.
Kapitan yarışda istifadə olunacaq Argentina cinsli atların xüsusiyyətlərinə və qum arenasına uyğunlaşma prosesinə də toxunub: “Atların dırnaqlarına fikir versəniz, yer tutumu normal atlardan fərqlidir. Boyları qısa, amma dözümlülükləri (stamina), bədənləri böyükdür. Bu, onların yerində dönüb qayıtmaq və sürət yığmaq imkanlarını artırır. Dünyanın hər bir yerində polo Argentina cinsləri ilə oynanılır. Düzdür, əvvəl də ölkəmizə polo atları gətirilib, amma onlar yaşlandığı üçün biz yeni atlar gətirdik ki, bu və növbəti yarışlar üçün istifadə olunsun. Bu atlar ot üstündə oynayıb, amma biz onları qum arenaları ilə tanış etmişik. Çünki dərhal otdan quma keçən atların əzələlərində və damarlarında travma ola bilər. Ona görə bu atlar yarışdan çox əvvəl gətirilib ki, burada qum üzərində məşq edib tam hazır olsunlar”.
O, rəqib komandalar barədə də fikirlərini bölüşüb: “İsveçrənin "St. Moritz" komandasını yaxşı tanıyıram. Elə keçən ay müqavilə ilə həmin komandada oynamışam. Rusiyanın "Moscow" komandası əvvəl Azərbaycanda keçirilən yarışa gəlmişdi və onların üzərində qələbə qazanmışıq. Rəqibləri heç vaxt zəif görməmişik. Rəqibi zəif görən idmançı heç vaxt nailiyyət əldə edə bilməz”.