Nazir: Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində təcrübəsini öyrənməkdə maraqlıdır
Bakı, 4 sentyabr, AZƏRTAC
Seneqal Azərbaycanın əmək və dövlət xidmətləri sahəsində tətbiq etdiyi qabaqcıl təcrübədən yararlanmaqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Seneqalın dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diante deyib.
Səfər çərçivəsində keçirilən görüşlərin Seneqal nümayəndə heyəti üçün çox faydalı olduğunu bildirən nazir əlavə edib: “Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüşdük. İlk növbədə, ziyarət etdiyimiz DOST Mərkəzindən çox təsirləndik. Bu təcrübəni öz ölkəmizdə də tətbiq etmək arzusundayıq”.
Diante azərbaycanlı həmkarı ilə keçirilən görüş zamanı çox faydalı fikir mübadiləsinin aparıldığını vurğulayıb. Bildirib ki, əmək sahəsində Seneqalın Azərbaycandan öyrənə biləcəyi çox şey var. “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səviyyəsində demək olar ki, eyni idarələrin olduğunu bilirik, lakin həyata keçirilən işlər baxımından Azərbaycan Seneqalı xeyli qabaqlayır. Bunun sübutu kimi yalnız prosedurların rəqəmsallaşdırılmasını qeyd edə bilərəm. Bu gün bizim idarələrə daxil olduqda kağız müqavilələrdən ibarət qalaq-qalaq sənədlər görürsünüz. Azərbaycanda isə bizə başa saldılar ki, bütün prosedurlar rəqəmsallaşdırılıb. Buna görə də biz öz ölkəmizdə bu səviyyəyə çatmaq üçün Azərbaycanın dəstəyinə ümid edirik”, - deyə nazir bildirib.
Lamine Diante səfər çərçivəsində “ASAN xidmət” mərkəzini də ziyarət etdiklərini və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ilə işgüzar görüş keçirdiklərini diqqətə çatdırıb: “Bu mərkəzdən xüsusilə təsirləndik və hazırda bu təcrübəni öz ölkəmizdə də tətbiq etmək arzusundayıq”.
Nazir bildirib ki, Seneqal “ərazi inkişaf qütbləri” adlandırılan 8 inkişaf qütbünə bölünüb. Onun sözlərinə görə, ölkəsinin hər bir ərazi inkişaf qütbündə Azərbaycandakı “ASAN xidmət”ə bənzər mərkəzlərin yaradılması nəzərdə tutulur.
O, Azərbaycanla keçirilən görüşlərin Seneqal üçün zəngin təcrübə olduğunu qeyd edib: “Keçirdiyimiz bütün görüşlər bizim üçün çox zəngin təcrübə oldu. Burada daha uzun müddət qalmaq istərdik. Lakin müəyyən öhdəliklərimiz var və təəssüf ki, səfərimiz yalnız 48 saat davam edəcək”.