İƏT Əmək Mərkəzi Seneqalda keçiriləcək konqresin strateji tərəfdaşı olub
Bakı, 4 sentyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi Seneqalda keçiriləcək Ümumdünya Əməyin Təhlükəsizliyi və Sağlamlığı Konqresinin strateji tərəfdaşı olub.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin baş direktoru Azər Bayramov deyib. O bildirib ki, İƏT Əmək Mərkəzinin dəvəti ilə Seneqal Respublikasının dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Dianté Azərbaycana səfər edib. Səfər çərçivəsində Əmək Mərkəzi ilə bu nazirlik arasında Seneqalda keçiriləcək Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresində təşkili ilə bağlı memorandum imzalanıb.
“İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi həmin konqresin strateji tərəfdaşı oldu. Həmçinin bu səfər çərçivəsində Seneqal Respublikasının nümayəndə heyətinin Azərbaycanın müvafiq dövlət qurumlarında görüşlərini təşkil etdik. Əmək sahəsində, dövlət xidmətləri və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində maraqlı görüşlər keçirildi”, - deyə Azər Bayramov qeyd edib.
Baş direktor bildirib ki, İƏT Əmək Mərkəzi 2024-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Mərkəzi Bakıda yerləşən ən böyük beynəlxalq təşkilatdır: "Bizim fəaliyyətimiz İslam Əməkdaşlıq Təşkilatının 57 üzv dövlətini əhatə edir. Ümumiyyətlə, məqsədimiz əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahələrində üzv dövlətlərin fəaliyyətlərini əlaqələndirmək və bu istiqamətlərdə dəstək verməkdir".