Ertürk Eryılmaz: Orta Dəhliz yeni geoiqtisadi arxitekturanı təcəssüm etdirir
Bakı, 4 sentyabr, AZƏRTAC
Ankaranın ŞƏT+ formatına yanaşmasını yalnız diplomatik yaxınlaşma kimi qiymətləndirmək düzgün olmazdı. Türkiyənin nöqteyi-nəzərindən əsas məqsəd Avrasiyada yenidən qurulan nəqliyyat, ticarət, enerji və təhlükəsizlik şəbəkələrində sadəcə yer tutmaq deyil, həm də mərkəzi əlaqələndirici halqaya və qərar qəbul edən ölkəyə çevrilməkdir.
Orta Dəhliz bu strategiyanın əsas dayağıdır. Çindən Mərkəzi Asiyaya, Xəzər dəniz üzərindən Azərbaycana və Türkiyəyə, oradan isə Avropaya uzanan marşrut artıq sadəcə alternativ logistika yolu deyil, yeni geoiqtisadi quruluşu təcəssüm etdirir. ŞƏT+ formatı Ankaraya bu marşrutu “Bir kəmər, bir yol” təşəbbüsü, regional ticarət şəbəkələri və təhlükəsizlik mexanizmləri ilə daha sıx əlaqələndirmək imkanı da verir.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Miras Global” təşkilatının baş analitiki, beynəlxalq təhlükəsizlik və regional məsələlər üzrə ekspert deyib.
Ekspert qeyd edib ki, Türkiyənin məqsədi tranzit ölkə rolu ilə məhdudlaşmır.
“O logistika mərkəzləri, limanlar, dəmir yolları, gömrük sistemləri, maliyyələşdirmə mexanizmləri və istehsal zəncirləri əsasında formalaşacaq iqtisadi ekosistemin mərkəzlərindən birinə çevrilməyə çalışır. Buna görə də indi məsələ yalnız “yük hansı ölkədən keçəcək?” deyil, həm də “Avrasiyanın yeni iqtisadi mərkəzi harada formalaşacaq?” sualından ibarətdir”, – deyə Ertürk Erılmaz izah edib.
Analitik hesab edir ki, ŞƏT+ formatı Türkiyəyə Türk dünyasındakı strateji əlaqələrini Çin, Rusiya, Hindistan, Pakistan və İran kimi böyük Avrasiya aktorları ilə vahid diplomatik platformada birləşdirmək imkanı verir: “Bu baxımdan ŞƏT+ Ankara üçün istiqamət dəyişikliyi deyil, strateji manevr imkanlarını genişləndirmək vasitəsidir. Türkiyə sadəcə Çinlə Avropa arasında körpü olmaq istəmir, o dəhlizləri birləşdirən, axınları yönləndirən və danışıqlarda üstünlük qazandıran mərkəzi ölkəyə çevrilməyə çalışır”.
Müəllif – Leyla Muradzadə