Azərbaycanlı çapar: İnanıram ki, bayrağımız ən yüksəkdə dalğalanacaq
Bakı, 4 sentyabr, AZƏRTAC
Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək "Elite Polo” komandasının çaparı Tərlan Qurbanəliyev açıq məşq zamanı jurnalistlərə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq və İstirahət Mərkəzində təşkil edilən hazırlıq prosesində idmançı ilk növbədə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
“Bizi möhtəşəm turnir gözləyir. Yarışda bizdən əlavə, 3 komanda iştirak edəcək. Buraya İsveçrə, İngiltərə və Rusiyadan olan komandalar gəlir. Yaxşı hazırlaşmışıq, rəqiblərimizi və onların necə oynadıqlarını izləmişik. Yarışa hazırıq, atlarımızı da qum örtüyünə adaptasiya etmişik. İnşallah, bayrağımız ən yüksəkdə dalğalanacaq”, - deyə çapar bildirib.
T.Qurbanəliyev komandaların şanslarını dəyərləndirərək favorit olduqlarını vurğulayıb: “Bütün komandalar eyni gücdədir. Üstünlüyümüz turnirin ölkəmizdə keçirilməsi və özümüzə olan inamdır. Komandamızı favorit qismində görürəm”.
Qeyd edək ki, "Sea Breeze 2026" beynəlxalq turniri sentyabrın 11-dən 13-dək keçiriləcək.