Çimərlik polosu üzrə beynəlxalq turnirdə çıxış edəcək Azərbaycan komandasının açıq məşqi olub
Bakı, 4 sentyabr, AZƏRTAC
Çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək "Elit Polo” komandasının açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq və İstirahət Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) tərəfindən təşkil edilən hazırlıq prosesində müxtəlif təmrinlər yerinə yetirilib, yoxlama oyunu baş tutub.
ARAF-ın baş katibi Elvin Məmmədxanov ölkəmizdə atçılıq idmanının inkişaf etdiyini bildirib. O vurğulayıb ki, əldə olunan uğurların əsas səbəbi dövlətimizin bu sahəyə göstərdiyi böyük diqqət və qayğıdır. Baş katib sevindirici hal kimi qeyd edib ki, çimərlik polosu üzrə beynəlxalq turnir ölkəmizdə ilk dəfə keçiriləcək. Onun sözlərinə görə, 4 ölkənin iştirakı ilə möhtəşəm turnir baş tutacaq. Yarışda Böyük Britaniyadan "Red Star Polo", İsveçrədən "St. Moritz", Rusiyadan "Moscow Polo Club" və Azərbaycandan "Elit Polo" komandaları mübarizə aparacaqlar.
Xatırladaq ki, çimərlik polosu üzrə beynəlxalq turnir “Sea Breeze” ərazisində, “Havana Beach”də təşkil olunacaq. Yarışda ümumilikdə 12 poloçu mübarizə aparacaq. Komandaların heyətində Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrika Respublikasını təmsil edən idmançılar yer alır.
Turnir çərçivəsində sentyabrın 11, 12 və 13-də hər gün saat 16:00-dan etibarən 2 polo oyunu keçiriləcək.