“LINKS Europe” Fondunun direktoru Avropa-Azərbaycan münasibətlərində yeni səhifənin açılmasını təklif edib
Bakı, 4 sentyabr, AZƏRTAC
Avropa-Azərbaycan münasibətlərini təhlil etməyin və perspektivlərini müzakirə etməyin tam vaxtıdır və bu, mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Avropa-Azərbaycan münasibətləri: Tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda keçirilən dəyirmi masada “LINKS Europe” Fondunun direktoru Dennis Sammut deyib.
O vurğulayıb ki, 30 il ərzində Qarabağ məsələsi təkcə siyasi gündəmi deyil, həm də insanların düşüncəsini zəbt edib. İndi isə Qarabağ Azərbaycana qayıdıb və Ermənistanla sülh perspektivi var. Bu, Azərbaycan-Ermənistan münasibətlərində, eləcə də bütövlükdə Cənubi Qafqazda yeni eranın başlanğıcıdır.
“Xüsusilə vurğulamaq istəyirəm ki, bu, həm də Avropa üçün yeni bir eradır. Çünki Aİ-Azərbaycan münasibətləri uzun illər ərzində düzgün və adekvat dialoqun olmamasından əziyyət çəkib. Buna görə də tərəflər arasında bir sıra yanlış təsəvvürlər formalaşıb. Avropa Parlamentindən və bəzi üzv dövlətlərin müəyyən dairələrindən Azərbaycanla bağlı səslənən bəzi bəyanatlar isə hər zaman aydın və bitərəf mövqeni əks etdirməyib.
Düşünürəm ki, artıq yeni mərhələyə qədəm qoymaq, qarşılıqlı anlaşmaya, etimada və daha konstruktiv dialoqa əsaslanan münasibətlərin qurulması üçün yeni imkanları dəyərləndirmək lazımdır”, - deyə Dennis Sammut bildirib.