Sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilmə üzrə meyarlarda dəyişikliklər təsdiqlənib
Bakı, 4 sentyabr, AZƏRTAC
Sığorta sektorunda sistem əhəmiyyətli sığortaçıların qiymətləndirilməsi zamanı istifadə olunan yanaşmanın təkmilləşdirilməsi məqsədilə “Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi Meyarları”nda dəyişikliklər təsdiq edilib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, yeni çərçivə sığortaçıların maliyyə sisteminə mümkün təsir kanallarını daha dolğun əhatə etmək məqsədilə ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları əsasında formalaşdırılaraq sistem əhəmiyyətliliyin üç səviyyə üzrə qiymətləndirilməsini nəzərdə tutur:
- sığorta sistemi üzrə;
- maliyyə sistemi üzrə;
- ümumi iqtisadi münasibətlər üzrə.
Bu yanaşma sığortaçıların yalnız sektor daxilindəki rolunu deyil, eyni zamanda onların maliyyə bazarları və real iqtisadiyyatla qarşılıqlı əlaqələrini də nəzərə almağa imkan verir. Meyarlara təsdiq edilən əsas dəyişikliklər bunlardır:
• Qiymətləndirmənin 3 kateqoriya – ölçü, şaxələnmə və əvəzolunmazlıq kateqoriyaları üzrə aparılması müəyyən olunub və əvvəlki metodologiyada mövcud olan mürəkkəblik kateqoriyası ləğv edilib. Kateqoriyalar üzrə yeni indikatorlar və xüsusi çəkilər müəyyən edilib;
• Qiymətli kağızların dövriyyəsi göstəricisi ilk dəfə metodologiyaya daxil edilib;
• Təkrarsığorta fəaliyyəti ilə əlaqədar sığortaçıların yalnız ölkə daxilindən qəbul etdikləri risklər üzrə hesablanmış təkrarsığorta haqlarının nəzərə alınması müəyyən edilib və bu göstəricinin çəkisi artırılıb;
• Sistem əhəmiyyətliliyi indeksi 15 faiz bəndinə çatan və ya bunu keçən sığortaçılar sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilir;
• Müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olan təkrarsığortaçılar üçün “sığorta predmetlərinin sayı” göstəricisi tətbiq olunmur və bu göstəricinin çəkisi eyni kateqoriyadakı digər göstəriciyə əlavə olunur;
• Sistem əhəmiyyətli sığortaçıların siyahısı hər il 1 sentyabr tarixinədək Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilir.
Dəyişikliklər Mərkəzi Bankın bank sektoru üzrə tətbiq etdiyi sistem əhəmiyyətlilik metodologiyası ilə uzlaşdırılmaqla, sistem əhəmiyyətli maliyyə institutlarının müəyyən edilməsinə və vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
Təsdiq olunmuş dəyişiklikləri aşağıdakı keçid vasitəsilə nəzərdən keçirmək mümkündür: