Astanada Azərbaycanın sanatoriya-kurort potensialı təqdim olunub
Astana, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfirliyində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti ilə Qazaxıstanın turizm şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) “Kurort” QSC-nin baş direktoru Çingiz Hacıyev çıxış edərək ölkənin sağlamlıq turizmi sahəsindəki imkanları barədə məlumat verib.
Qazaxıstanın turizm şirkətlərinin nümayəndələrinə AHİK-in sağlamlıq mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərdə müalicə və istirahət üçün yaradılmış şərait, müasir tibbi avadanlıqlar, göstərilən tibbi xidmətlər və tətbiq olunan təbii müalicə üsulları barədə məlumat verilib. Xüsusilə “Naftalan” müalicə şöbəsinin, “Şıxov”, “Bilgəh”, “Abşeron”, “Günəşli” mərkəzlərinin, eləcə də “Buzovna” fizioterapiya mərkəzinin imkanları təqdim olunub.
Görüş iştirakçılarına, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti, yollayışların elektron qaydada verilmə imkanları və “e-ahik” elektron bronlaşdırma platformasının funksiyaları barədə məlumat verilib.
Tədbir zamanı Azərbaycanın sanatoriya-kurort potensialı və sağlamlıq mərkəzlərinin fəaliyyəti barədə videomateriallar nümayiş etdirilib. Turizm şirkətlərinin nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.
Azərbaycanın sanatoriya-kurort potensialının Qazaxıstan bazarında tanıdılması, turizm şirkətləri ilə əlaqələrin inkişafı və bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.