Seneqallı nazir: İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
2027-ci ilin aprel ayında Seneqal Respublikasının paytaxtı Dakar şəhəri Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresinə ev sahibliyi edəcək. Konqresin təşkili perspektivində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi ilə Anlaşma Memorandumu imzalamaq üçün Azərbaycana gəlmişik. İƏT Əmək Mərkəzinin dəstəyindən məmnunuq və əminik ki, bu, İƏT-ə üzv olan bütün ölkələrin bu konqresə səfərbər olunmasına imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Seneqal Respublikasının dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diante deyib.
"Mərkəzin müxtəlif səviyyələrdə – həm təşkilati, həm də maliyyə baxımından göstərəcəyi dəstək əməyin təhlükəsizliyi və sağlamlığı üzrə bu dünya konqresinin uğurla keçirilməsini təmin edəcək. Əməyin təhlükəsizliyi və sağlamlığı müəssisələr tərəfindən xərc kimi deyil, peşə risklərinin qarşısının alınmasına yönəlmiş investisiya kimi qəbul edilməlidir. Bu konqres Seneqalda keçiriləcəyi üçün Afrika qitəsində ilk belə tədbir olacaq. Bunun uğurla keçirilməsi üçün Seneqal İƏT Əmək Mərkəzinin dəstəyinə böyük ümid bəsləyir.
Anlaşma Memorandumundan əlavə, Seneqal İƏT Əmək Mərkəzi, eləcə də İƏT-ə üzv olan bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədilə Mərkəzin Əsasnaməsini imzalamaq perspektivini də nəzərdən keçirir", - deyə o əlavə edib.