ÜMT: El-Nino hadisəsinin güclənməsi 2027-ci ilədək ekstremal hava hadisələri riskini artırır
Bakı, 4 sentyabr, AZƏRTAC
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) temperaturun yüksəlməsinə səbəb olan El-Nino iqlim hadisəsinin ilin sonunadək çox güclənməsinin gözlənildiyini və bunun 2027-ci ilədək ekstremal hava hadisələri riskini artıracağını bildirib.
AZƏRTAC xəbər verir ki, ÜMT El-Nino iqlim hadisəsi ilə bağlı yeni yeniləmə hesabatı yayıb.
Hesabatda El-Ninonun artıq nəzərəçarpacaq dərəcədə formalaşdığı və onun 2027-ci ilin fevralınadək davam etməsi ehtimalının “100 faiz kimi son dərəcə yüksək” olduğu qeyd edilib.
Bildirilir ki, El-Nino qarşıdakı aylarda çox güclü hadisəyə çevrilərək yağıntı və temperatur rejimlərinə ciddi təsir göstərəcək, daşqın, quraqlıq və anomal isti hava risklərini artıracaq. Tropik Sakit okeandakı qeyri-adi isti okean şəraitinin təsiri ilə El-Ninonun qarşıdakı aylarda daha da güclənərək ilin sonuna doğru pik həddə çatacağı, iqlim təsirlərinin isə 2027-ci ilədək davam edəcəyi gözlənilir.
El-Ninonun ən aydın hiss olunduğu mərkəzi-şərqi ekvatorial Sakit okeanda dəniz səthinin temperaturunun orta göstəricidən xeyli yüksək olduğu və artmaqda davam etdiyi vurğulanır.
Hesabatda okeanın səthinin altında da qeyri-adi yüksək temperatur müşahidə edildiyi bildirilir. Bəzi ərazilərdə iyul və avqustun əvvəlində səthaltı okean temperaturu orta göstəricidən 8 dərəcə yüksək olub. Səth və səthaltı okean şəraitinin El-Nino vəziyyətinin davam edəcəyinə və qarşıdakı aylarda daha da güclənə biləcəyinə dair ciddi əsaslar yaratdığı qeyd olunur.
ÜMT-nin məlumatına görə, El-Ninonun təsirlərinin konkret ölkə və ya regionda nə dərəcədə şiddətli olacağını yalnız bu hadisənin özü müəyyən etmir. Təsirlər coğrafi mövqedən və mövsümdən asılı olaraq dəyişir. Hind və Atlantik okeanlarındakı şərait də daxil olmaqla digər iqlim amilləri də bu prosesə təsir göstərir.
Hesabatda fikirlərinə yer verilən BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, El-Nino “gözlərimizin qarşısında nəhəng miqyas alır”. Onun sözlərinə görə, dəniz səthinin temperaturu yüksəlir, havanın temperaturu artmaqda davam edir və dünya ekstremal hava şəraitinin təhlükəli zonasındadır.
ÜMT-nin Baş katibi Celeste Saulo isə El-Ninonun dünya üzrə icmalara və iqtisadiyyatlara ciddi zərbə vurmaq potensialına malik olduğunu bildirib. Onun sözlərinə görə, quraqlıq və daşqınların yaratdığı fəsadlar və dağıntılar artıq müşahidə olunur və El-Nino gücləndikcə bu təsirlərin daha da artacağı gözlənilir.
Celeste Saulo El-Ninonun fövqəladə hazırlıq və müdaxilə tədbirləri tələb etdiyini vurğulayaraq, ÜMT-nin 50 illik tarixində milli meteorologiya və hidrologiya xidmətləri ilə bu miqyasda səfərbərlik həyata keçirilmədiyini qeyd edib.
Müxbir - Göyçək Mahmudlu