Şəmkirli məktəbli: “ChatGPT”dən hazır cavab almaq üçün deyil, fikirlərimi yoxlamaq üçün istifadə edirəm
Bakı, 4 sentyabr, AZƏRTAC
Müasir dövrdə sosial şəbəkələr və rəqəmsal platformalar uşaqların dünyagörüşünün formalaşmasında və əlavə biliklər əldə etməsində mühüm vasitələrdən birinə çevrilib. Lakin bu imkanlardan düzgün və məqsədyönlü istifadə etmək, faydalı məlumatı əyləncə məzmunundan ayırmaq xüsusi əhəmiyyət daşıyır. AZƏRTAC-ın müxbiri bu barədə Şəmkir rayonu Şahin Əmirov adına tam orta məktəbin şagirdi 12 yaşlı Fatimə Bədəlova ilə söhbətləşib.
– Sosial şəbəkələrdən təhsil və şəxsi inkişafın üçün necə istifadə edirsən? Hansı platformalardan daha çox faydalanırsan?
-Əsasən yutubdan istifadə edirəm. Bundan əlavə, vatsapda bəzi qruplara qoşulmuşam. Məsələn, ingilis dili və tarixlə bağlı qruplarda müxtəlif məlumatlar, maraqlı faktlar, testlər və faydalı materiallar paylaşılır. Bəzən instaqramda qarşıma çıxan faydalı məlumatlardan yararlanıram.
Başa düşmədiyim mövzularla bağlı izahlara xüsusilə yutubda baxıram, tədris videolarını izləyirəm. Məsələn, tarixdən hər hansı mövzunu daha yaxşı başa düşmək üçün videolara baxıram. Həmçinin xarici dil öyrənmək üçün müxtəlif videolardan istifadə edirəm. Əsas məqsədim faydalı məlumatlar öyrənmək, dünyagörüşümü genişləndirmək və dərslərimə aid əlavə biliklər qazanmaqdır.
-“ChatGPT”dən necə istifadə edirsən, hansı fənlərə daha çox marağın var və bildiyin məlumatda səhv gördükdə bunu necə qeyd edirsən?
- “ChatGPT”dən hazır cavab almaq üçün deyil, fikirlərimi yoxlamaq, əlavə məlumat əldə etmək üçün istifadə edirəm. Məsələn, hər hansı mövzunu öyrənirəm, sonra həmin mövzuda bildiyim fikirləri yazıram və soruşuram ki, burada hansı fikirlər doğrudur, hansılar yanlışdır. Məncə, bu üsul özümü yoxlamağa və mövzunu daha düzgün başa düşməyə kömək edir. Yaxud dərsdə keçdiyimiz bir tarixi hadisə mənə maraqlı gəlirsə, onun haqqında əlavə məlumat soruşuram. Bu da məndə həmin mövzuya qarşı marağı daha da artırır.
Bəzən isə şeir tapmaq və ya yeni şeir öyrənmək istəyəndə “ChatGPT”yə müraciət edirəm.
Hazırda yay tətilindəyik. Əvvəllər, xüsusilə 5-ci və 6-cı sinifdə müəllimlərim dərsi izah edəndə çoxunu tez başa düşürdüm. Ən çox riyaziyyat, Azərbaycan dili, tarix, ingilis dili və təbiət fənlərini sevirəm. Həmin fənlərin müəllimlərini də daha çox sevir və onların keçdiyi dərslərə daha çox diqqət yetirirəm. Bir dəfə isə müəllimimlə fikir ayrılığım olub. O bizə test işlədirdi. Testdə ikinci sual 5 ballıq idi, amma mən sualda səhv olduğunu düşündüm. Müəllimimiz isə kitabda verilən cavaba uyğun olaraq sualı yoxlamışdı. Mən də fikrimi əsaslandıraraq etiraz etdim. Çox sağ olsun, iradımı nəzərə aldı, məsələni yenidən yoxladı və balımızı düzəltdi. Bu hadisə mənə onu göstərdi ki, müəllimə hörmət etmək başqa məsələdir, öz fikrini əsaslandıraraq demək isə başqa məsələ.
-Uşaqlara internet platformalarından, televiziyadan, kitablardan düzgün istifadə etməklə bağlı hansı tövsiyələri verərdin?
-Tövsiyəm odur ki, bütün bunlardan sadəcə əyləncə üçün istifadə etməsinlər. Düzdür, mən də gündə bir neçə saat telefon və televizordan istifadə edirəm. Amma çalışıram ki, faydalı məlumat əldə edim. Məsələn, beş video izləyirəmsə, onlardan ikisi mənə yeni və maraqlı məlumat öyrədirsə, onları yadda saxlamağa çalışıram. Məncə, uşaqlar qarşılarına çıxan hər məlumatı olduğu kimi qəbul etməməlidirlər, araşdırmalıdırlar, başqa mənbələrə də baxmalıdırlar. Təhsillə bağlı videolara, maarifləndirici filmlərə və kitablara daha çox üstünlük vermək lazımdır. Bəzən müəllimimiz dərsdə bizə sual verir və mən cavabı sinifdəki uşaqlardan daha tez verirəm. Müəllimimiz bunu haradan bildiyimi soruşur. Deyirəm ki, videolara baxmışam, kitablar oxumuşam və oradan öyrənmişəm. Kitab oxumağın da mənim üçün xüsusi yeri var. Oxuduğum kitablardakı obrazlarla özüm arasında bir növ empatiya qururam. Düşünürəm ki, görəsən, mən onun yerində olsaydım, necə davranardım? Bu, mənə insanların hisslərini və müxtəlif vəziyyətlərdə onların necə düşündüyünü anlamağa kömək edir.
-Əgər sənə imkan yaradılsaydı, dərsləri necə təşkil edərdin və şagirdlərin dərsə marağını artırmaq üçün hansı üsullardan istifadə edərdin?
-Çalışardım ki, dərslər daha maraqlı və interaktiv olsun. Məsələn, müəllimimiz hər ayın sonunda fəal və fərqlənən uşaqları seçir. Mən də bunu edərdim. Bundan əlavə, şagirdləri qruplara bölüb müxtəlif tapşırıqlar verərdim. Qrup işlərində birinci, ikinci və üçüncü yerləri tutan uşaqları kiçik hədiyyələrlə və ya başqa formada həvəsləndirərdim. Məncə, bu, uşaqlarda həm rəqabət, həm də dərsə maraq yaradar. Həmçinin valideynlərlə sıx əlaqə şaxlardım. Məsələn, dərsdə çəkilmiş faydalı videoları, uşaqların gördüyü işləri və gün ərzində öyrəndikləri mövzuları valideynlər üçün yaradılmış qrupa göndərərdim. Amma uşağı pis vəziyyətdə göstərmək üçün yox, onun inkişafını valideynlə birlikdə izləmək üçün edərdim. “Bu gün dərsə tam hazır deyildi”, “Bu gün çox fəal iştirak etdi” və ya “Bir həftə əvvəl belə idi, indi isə bu istiqamətdə irəliləyiş göstərib” kimi məlumatları paylaşardım. Məncə, müəllim uşağın yalnız səhvini göstərməməlidir, onun inkişafını da görməlidir. Müəllimin “Sən dəyişmisən, artıq bunu daha yaxşı edirsən” deməsi uşağa böyük motivasiya verə bilər.
Müxbir - Tünzalə Arazlı