Hollivud aktyoru İngiltərə klubunun səhmlərinin bir hissəsini almaq istəyir
Bakı, 4 sentyabr, AZƏRTAC
Hollivud aktyoru Hyu Cekman İngiltərə Çempionşipində çıxış edən “Norviç Siti” klubunun səhmlərinin bir hissəsini almaq üçün danışıqlar apardığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, 57 yaşlı avstraliyalı aktyor bu barədə “talkSPORT”a müsahibəsində məlumat verib. O, bu işdə çox maraqlı olduğunu bildirib
Hyu Cekmanın “Norviç Siti”yə xüsusi bağlılığı var. Aktyorun anası Norviç şəhərindəndir və Cekman uşaqlıqdan İngiltərə klubunun azarkeşidir. O, daha əvvəl də “Kerrou Road” stadionunda komandanın oyunlarını izləyib. Cekman 2010-cu ildə kluba sərmayə qoymaq imkanından imtina etdiyini də açıqlamışdı.
Aktyorun dostu və “Deadpool” filmindəki həmkarı Rayan Reynoldsun “Reksem” klubundakı fəaliyyəti onu da bu sahəyə həvəsləndirir. Reynolds digər aktyor Rob Makelhenni ilə birlikdə Uels təmsilçisinin sahibidir. “Reksem” onların rəhbərliyi altında 2022–2025-ci illərdə ardıcıl 3 dəfə Çempionşipə vəsiqə qazanıb.
Cekman gələcəkdə Reynoldsla İngiltərə futbolunun II divizionunda rəqib ola biləcəklərini vurğulayıb. O, həmçinin hər iki komandanın bu mövsüm Premyer Liqaya yüksələcəyinə inandığını bildirib.
Hazırda “Norviç Siti”nin əsas səhmdarı amerikalı biznesmen Mark Attanasiodur. Klubda Delia Smit və Maykl Uin-Consun da payı var.