YUĞ Teatrı yeni mövsümlə bağlı planlarını təqdim edib
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət YUĞ Teatrında yeni mövsümün başlanmasına həsr olunmuş ilk iclas keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov kollektivi qarşıdakı mövsüm üçün planlar və fəaliyyətin əsas istiqamətləri ilə tanış edib.
Xüsusən də yeni teatr mövsümündə bir sıra tamaşaların hazırlanması planlaşdırılır. Onların arasında rejissor Günay Səttarın quruluşunda Uilyam Şekspirin “Otello” pyesi əsasında tamaşa, quruluşçu rejissoru Həmzə Xonovun olacağı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında tamaşa, eləcə də “Kitabi-Dədə Qorqud” dastanından “Duxa Qoca oğlu Dəli Domrul” və “Qanlı Qoca oğlu Qanturalı” boylarının motivləri əsasında hazırlanacaq tamaşalar var.
İclasda, həmçinin qeyd olunub ki, yeni mövsüm ərzində YUĞ Teatrı beynəlxalq teatr festivallarında iştirak edəcək və bir sıra xarici qastrol səfərləri həyata keçirəcək. Yaxın aylarda kollektiv rejissor Mikayıl Mikayılovun “Mən – Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasını Türkmənistan və Qazaxıstanda keçiriləcək beynəlxalq teatr festivallarında təqdim edəcək. Bundan əlavə, teatr “Elçilik” tamaşası ilə Özbəkistana qastrol səfərinə getməyi planlaşdırır.
YUĞ Teatrı yeni teatr mövsümünü sentyabrın 30-da rejissor Əbdülqəni Əliyevin Xalq yazıçısı Anarın hekayəsinin motivləri əsasında hazırladığı “Asılqan” tamaşası ilə açacaq. Tamaşada rolları Elşən Əsgərov və Nigar Mürsəlova ifa edəcəklər. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti isə Məryəm Qələndərovadır.