Azərbaycanı nəzərə almadan Cənubi Qafqazda uzunmüddətli enerji və təhlükəsizlik siyasəti qurmaq mümkün deyil - RƏY
Bakı, 13 may, AZƏRTAC
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlərin diplomatik bir elementi kimi deyil, həm də dəyişən geosiyasi reallıqlar fonunda Avropa İttifaqının regionla bağlı yeni strateji yanaşmasının göstəricisi kimi qiymətləndirilməlidir. Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən transformasiyalar – enerji böhranı, nəqliyyat marşrutları uğrunda rəqabət, Şərq-Qərb münasibətlərində artan gərginlik və təhlükəsizlik arxitekturasında yaranan boşluqlar Azərbaycanı Avropa üçün daha əhəmiyyətli aktora çevirib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, bu baxımdan Kallasın Bakıya səfəri həm də Avropa İttifaqının Cənubi Qafqaz siyasətində prioritetlərin dəyişdiyini göstərir. Əgər əvvəlki dövrlərdə region daha çox münaqişə və humanitar prizmadan qiymətləndirilirdisə, indi iqtisadi təhlükəsizlik, enerji dayanıqlılığı və logistika marşrutları əsas gündəm xəttinə çevrilib. Bu vəziyyətin memarı isə şübhəsiz ki, Azərbaycandır.
Siyasi şərhçi bildirib ki, Avropa Parlamentində zaman-zaman Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul olunmasına baxmayaraq, bu sənədlər real siyasi kursa ciddi təsir göstərə bilmir. Avropa artıq anlayır ki, Cənubi Qafqazda Azərbaycanı nəzərə almadan uzunmüddətli enerji və təhlükəsizlik siyasəti qurmaq mümkün deyil. Xüsusilə enerji məsələsində Azərbaycanın rolu artıq “alternativ tərəfdaş” statusundan çıxaraq strateji enerji təminatçısı səviyyəsinə yüksəlir. Azərbaycan qazının artıq 10 Avropa ölkəsinə çatdırılması, o cümlədən Almaniya və Avstriya kimi iri iqtisadiyyatlarla enerji əməkdaşlığının genişlənməsi təsadüfi deyil. Bu, həm də Avropanın Azərbaycanla münasibətlərdə uzunmüddətli maraqlarının göstəricisidir.
Fərid Şahbazlı vurğulayıb ki, digər mühüm məqam nəqliyyat və tranzit məsələsidir. Onun fikrincə, qlobal ticarət marşrutlarında yaranan risklər, xüsusilə Rusiya üzərindən keçən yolların alternativlərinin axtarılması Orta Dəhlizin əhəmiyyətini ciddi şəkildə artırıb. Azərbaycan isə bu dəhlizin əsas geosiyasi və logistik mərkəzi hesab olunur. Xəzər hövzəsindən Qara dənizə, oradan isə Avropaya uzanan yeni bağlantılar Brüssel üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin tədricən formalaşması da regionda sabitlik baxımından mühüm amillərdən biridir. Qarşılıqlı iqtisadi maraqların yaranması kommunikasiyaların açılması və regional əməkdaşlıq imkanlarını genişləndirir.
Postmünaqişə dövründə Bakı sadəcə hərbi qələbənin nəticələrini möhkəmləndirməyə çalışmır, eyni zamanda iqtisadi inteqrasiya və regional əməkdaşlıq modelini təşviq edir. Bu yanaşma Avropa İttifaqının maraqları ilə də üst-üstə düşür.