Ekspert: WUF13-ün Bakıda keçirilməsi şəhərlərin davamlı inkişafına və modernləşdirilməsinə töhfə verəcək
Bakı, 15 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, həm də urbanizasiya, davamlı inkişaf və şəhərlərin rəqəmsal transformasiyası ilə bağlı qlobal problemlərin müzakirəsi üçün əlamətdar hadisədir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli bildirib.
Onun sözlərinə görə, belə miqyaslı beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın qlobal səviyyədə mövqeyini gücləndirir və mövcud qlobal proseslərin müzakirəsi üçün platforma kimi ölkəyə marağı artırır.
“Bu gün dünya yeni sənaye inqilabına mühüm keçid dövrünü yaşayır. Rəqəmsallaşma prosesləri sürətlə inkişaf edir, süni intellekt texnologiyaları tətbiq olunur. Bu fonda müasir şəhərsalma və dayanıqlı inkişaf məsələləri xüsusilə aktuallaşır”, - deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, dünyanın bir çox şəhər və yaşayış yerləri artıq müasir tələblərə cavab vermir və bu da şəhər mühitinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması məsələləri ön plana çıxır.
İqtisadiyyat üzrə fəlsəfə doktoru əlavə edib ki, WUF13-ün Bakıda keçirilməsi şəhər inkişafına yeni yanaşmalar təklif edə biləcək alimləri, ekspertləri və praktikləri bir araya gətirməyə imkan verəcək: “Bu gün Azərbaycan urbanizasiya və müasir şəhərlərin inkişafı ilə bağlı vacib məsələlərin müzakirə olunduğu bir platformaya çevrilir. Bu, ölkənin inkişafına əlavə təkan olacaq və mövcud problemlərin həlli üçün daha effektiv yanaşmaların hazırlanmasına imkan verəcək”.
İqtisadçı, həmçinin qeyd edib ki, forum Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası kontekstində xüsusi əhəmiyyət kəsb edir.
“Bu gün Azərbaycan müasir tələblərə tam cavab verən şəhər və yaşayış yerlərini mahiyyət etibarilə yenidən qurmaq üçün unikal bir fürsətə malikdir. Söhbət yeni texnologiyaların, rəqəmsal həllərin və şəhərsalmaya müasir yanaşmaların tətbiqindən gedir”, - deyə E.Qəribli vurğulayıb.
Onun fikrincə, davamlı şəhər inkişafı və effektiv urbanizasiya idarəçiliyi hazırda qlobal iqtisadiyyatda və beynəlxalq tədqiqatlarda əsas mövzular arasındadır.
“Qlobal iqtisadiyyat üzrə müasir elmi ədəbiyyata və dərsliklərə nəzər salsaq, görərik ki, şəhərsalma prosesi qlobal inkişafda getdikcə daha vacib rol oynayır. Məhz buna görə də bu məsələlərin beynəlxalq səviyyədə müzakirəsi böyük əhəmiyyət kəsb edir”, - deyə ekspert qeyd edib.
Onun fikrincə, şəhərsalmaya sistemli və elmi əsaslı yanaşma investisiyaların cəlb olunmasına, şəhər infrastrukturunun təkmilləşdirilməsinə və Azərbaycanın iqtisadi inkişafına kömək edəcək.
“Hesab edirəm ki, qlobal əhəmiyyətli bu cür beynəlxalq tədbirlərin keçirilməsi və qlobal əhəmiyyətli mövzuların müzakirəsi həm ölkənin iqtisadi inkişafına, həm də beynəlxalq imicinə uzunmüddətli müsbət təsir göstərəcək”, - deyə E.Qəribli əlavə edib.
Müxbir – Pərvanə Qafarova