Azərbaycanın Müstəqillik Günü Osloda qeyd edilib
Stokholm, 16 may, АZƏRTAC
Norveçin paytaxtı Oslo şəhərində yerləşən "Konserthus" konsert salonunda Azərbaycanın qarşıdan gələn Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə Norveç dövlət qurumlarının nümayəndələri, Osloda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və bu ölkədə yaşayan həmvətənlərimiz, eləcə də yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində səfir Zaur Əhmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən, ölkəmizin müstəqillik yolundan, regional sülh gündəliyindən və Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələrdən danışıb.
Çıxışda Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi, qarşıdakı günlərdə Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13), ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu, həmçinin Şərqlə Qərbi birləşdirən Orta Dəhliz çərçivəsində artan əhəmiyyəti vurğulanıb.
Rəsmi hissədən sonra tanınmış musiqiçilər Tural Rafael və Ələfsər Rəhimovun rəhbərlik etdiyi caz kvartetinin konsert proqramı təqdim olunub. Azərbaycan cazının milli musiqi elementləri ilə müasir improvizasiya ənənələrini birləşdirən ifalar qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbir ziyafətlə davam edib.