İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb
Qahirə, 16 may, AZƏRTAC
İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın neft naziri Bəsim Məhəmməd şənbə günü keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirin sözlərinə görə, İraq aprel ayında Hörmüz boğazı üzərindən 10 milyon barel neft ixrac edib. Müqayisə üçün qeyd edilib ki, İraq son müharibədən əvvəl Hörmüz boğazından ayda təxminən 93 milyon barel neft ixrac edirdi. Bəsim Məhəmməd bildirib ki, bazarlar strateji əhəmiyyət daşıyan su yolunda enerji daşımalarının bərpası ilə bağlı siqnalları diqqətlə izləyir. Qeyd olunub ki, İran müharibəsinin başlanmasından bəri bazar təxminən 1 milyard barel həcmində tədarükdən məhrum olub.
İraq hökuməti Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə alternativ ixrac marşrutlarını genişləndirməyə çalışır. Bu çərçivədə Bağdad ilə Kürdüstan Regional Hökuməti arasında əldə olunan razılaşmadan sonra mart ayında Kərkük–Ceyhan neft kəməri vasitəsilə ixrac bərpa edilib. Hazırda Ceyhan limanı vasitəsilə gündəlik 200 min barel neft ixrac olunur və bu həcmin 500 min barelə çatdırılması planlaşdırılır.
Nazir əlavə edib ki, İraq hasilat və ixrac imkanlarının artırılması məqsədilə OPEC ilə koordinasiyanı gücləndirməyi nəzərdə tutur. Ölkənin gündəlik hasilat gücünün 5 milyon barelə çatdırılması hədəflənir.
Qeyd edək ki, Türkiyə üzərindən keçən neft kəməri istisna olmaqla, İraqın Hörmüz boğazını alternativ marşrutlarla əvəz etmək imkanları məhduddur. Bu səbəbdən ölkənin neft ixracı regional böhrandan ən çox zərər görən sahələrdən biri hesab olunur. Mart ayında İraqın ixracı əvvəlki ayla müqayisədə təxminən 97 faiz azalaraq gündəlik orta hesabla 99 min barel təşkil edib.