Şamil Ayrım: WUF13 müasir Azərbaycanın şəhərsalma modelini nümayiş etdirmək üçün imkandır
Ankara, 16 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müasir Azərbaycanın nailiyyətlərini, o cümlədən respublikanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı kontekstində əldə olunan uğurları dünya ictimaiyyətinə nümayiş etdirmək üçün gözəl imkandır.
Bu fikirləri AZƏRTAC-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
Ş.Ayrım Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa işlərinə diqqət çəkərək qeyd edib ki, həmin ərazilərdə “ağıllı şəhər” konsepsiyası da tətbiq olunur.
“Qardaş ölkə Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal illərində talan edilmiş və dağıdılmış əraziləri addım-addım bərpa və inkişaf nümunəsinə çevirir. Bu gün Qarabağda güclü infrastrukturun formalaşdığını, yolların çəkildiyini, tunellərin inşa olunduğunu, “ağıllı kənd”lərin salındığını, insanların doğma torpaqlarına qayıtdığını məmnunluqla görürük. Mina təhlükəsinə baxmayaraq təcavüzün nəticələrinin aradan qaldırıldığı Azərbaycanın təcrübəsi çox önəmlidir və öyrənilməyə layiqdir”, - deyə türkiyəli deputat qeyd edib.
Onun sözlərinə görə, Ağdamın, Füzulinin, Kəlbəcərin və digər rayonların müasir mənzərəsi Azərbaycanın urbanizasiya sahəsində tərəqqisinin “vizit kartı”dır və WUF13 iştirakçıları bununla tanış olmalıdırlar: “Dünyanın müxtəlif ölkələrindən yüzlərlə qonaq çiçəklənən ölkəni öz gözləri ilə görəcək. WUF13 qarşıya qoyulan məqsədlərə nail olacaq. Ümumdünya Şəhərsalma Forumunun sessiyası daha əvvəl COP29 iqlim sammitinə uğurla ev sahibliyi etmiş respublikanın imkanlarının təqdimatı baxımından çox vacibdir. Qardaş Azərbaycanın şəhərsalma modelinin digər ölkələr tərəfindən də mənimsənilərək tətbiq olunacağı istisna deyil”.
Türkiyəli deputat BMT-nin himayəsi altında Bakıda keçiriləcək qarşıdakı müzakirələrdə Türkiyə parlamentinin ictimai işlər, nəqliyyat və turizm komitəsinin üzvlərinin, o cümlədən özünün də iştirak edəcəyini bildirib.