WUF13 ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub
Bakı, 16 may, AZƏRTAC
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının tarixi məkanında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində, Azərbaycan Şəhərsalma Kampaniyası və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ərəfəsində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbir “Torpağın Səsi” və “AtəşHub” platformalarının təşkilatçılığı, Azərbaycan Kino Agentliyi, Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, eləcə də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə həyata keçirilib.
“Şəhərin səsi” layihəsində şəhər yalnız memarlıq və urbanistika obyekti kimi deyil, həm də musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı enerji vasitəsilə təqdim olunub.
Layihə çərçivəsində sovet dövrünün memarlıq irsini daşıyan “Azərbaycanfilm” kinostudiyasının binasının divarları müasir art-obyektə çevrilib. Məkanın divarlarında rəqəmsal proyeksiyalar, canlı video mapping, mural konsepti, qraffiti estetikası, elektron musiqi və DJ setlər bir araya gələrək şəhərin yaddaşını, ritmini və yaradıcı enerjisini yeni formada əks etdirib.
Qeyd edək ki, “Şəhərin səsi” “Bakı Şəhərsalma Həftəsi” proqramının mühüm hissəsi kimi şəhər mədəniyyətinin gələcəyinə yaradıcı baxış təqdim edir və Bakını qlobal şəhər müzakirələri kontekstində yalnız şəhərsalma nümunəsi kimi deyil, həm də müasir mədəniyyət və yaradıcı transformasiya məkanı kimi ön plana çıxarır.