Okyay Sadıkoğlu: Türk birliyinə inanan və onu dəstəkləyənlər olaraq Azərbaycanın bu istiqamətdə təşəbbüslərini təqdir edirik
Bakı, 16 may, AZƏRTAC
Dayanıqlı inkişaf yalnız iqtisadi artımla deyil, eyni zamanda, mədəni kimliyin qorunması, ətraf mühitin mühafizəsi və şəhərlərin ruhunun gələcək nəsillərə ötürülməsi ilə mümkündür. Turizm şəhərləri bir ölkənin dünyaya açılan vitrini hesab olunur. Buna görə də şəhərlərin plansız böyüməsi, təbii mühitin pozulması və mədəni irsin zədələnməsi yalnız bu günə deyil, gələcəyə də mənfi təsir edir. Xüsusilə Aralıq dənizinin mühüm mərkəzlərindən biri olan Şimali Kiprdə biz dayanıqlı turizm anlayışına hər gün daha çox önəm veririk. Tarixi şəhərlərin qorunması, yerli istehsalın dəstəklənməsi, ekoloji şəhərsalma siyasətləri, təbii ərazilərin mühafizəsi və yerli əhalinin inkişaf prosesinə aktiv iştirakı artıq seçim deyil, zərurətdir.
Bu məqamda vətəndaş cəmiyyəti təşkilatlarının rolu son dərəcə böyükdür. Çünki vətəndaş cəmiyyəti xalqla idarəetmə arasında körpü quran, ictimai şüur formalaşdıran və ortaq düşüncəni inkişaf etdirən ən mühüm qüvvələrdən biridir. Xüsusilə turistik şəhərlərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları mədəni irsin qorunması, ekoloji şüurun artırılması və sosial həmrəyliyin gücləndirilməsi sahəsində mühüm məsuliyyət daşıyırlar.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Şimali Kiprin Təbliği Platformasının prezidenti Okyay Sadıkoğlu deyib.
O.Sadıkoğlunun sözlərinə görə, Bakı bu gün müasir şəhərsalma ilə tarixi irsi bir arada yaşada bilən mühüm nümunələrdən biridir. Şəhərin tarixi toxuması qorunarkən müasir infrastruktur yatırımlarının həyata keçirilməsi dayanıqlı inkişaf baxımından diqqətəlayiq bir model yaradır.
“Buna görə də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun və bu çərçivədə panel iclasların təşkilinin son dərəcə əhəmiyyətli olduğuna inanıram. Türk dünyasının şəhərləri arasında qurulacaq mədəni, iqtisadi və sosial əməkdaşlıqlar gələcəkdə daha güclü ortaq bir vizyonun formalaşmasına töhfə verəcək. Şimali Kipr Türk Cümhuriyyəti olaraq biz də bu ortaq vizyonun bir hissəsi olmaqdan qürur duyuruq. Türk dünyasının ürəyi olan gözəl Bakıda bizi bir araya gətirən bu mənalı tədbirin təşkilində əməyi keçən hər kəsə ən səmimi təşəkkürümü bildirirəm. Qardaş Azərbaycanda, xüsusilə də tarixi, mədəniyyəti və müasir şəhərsalma anlayışı ilə nümunə olan Bakı şəhərində olmaqdan böyük məmnunluq hissi duyuram. Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dostluq, səmimiyyət və qardaşlıq bizim üçün son dərəcə qiymətlidir. Bu gün burada yalnız şəhərlərin gələcəyini deyil, eyni zamanda Türk dünyasının ortaq gələcəyini də müzakirə etdik. Toplantımızın Türk dünyası üçün xeyirli nəticələr verəcəyinə inanıram.
İyun ayında Bakıda keçiriləcək Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk dünyası həftəsi" də son dərəcə mühüm bir tədbir olacaq. Biz türk birliyinə inanan və onu dəstəkləyənlər olaraq Azərbaycan dövlətinin bu istiqamətdə təşəbbüslərini təqdir edir, türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”, - deyə Okyay Sadıkoğlu vurğulayıb.