Esvatinidən olan nümayəndə: WUF13-də icmalarımızın necə inkişaf etdirilə biləcəyini daha dərindən öyrənirik
Bakı, 18 may, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin və icmaların inkişafı ilə bağlı yeni yanaşmaların öyrənilməsi, eləcə də beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Esvatini Krallığının Mənzil və Şəhərsalma İnkişafı Nazirliyinin Kommunikasiya üzrə məsul əməkdaşı Lindekuli Lukelenin bildirib.
“Biz burada icmalarımızın necə inkişaf etdirilə biləcəyini daha dərindən öyrənirik”, – deyə o qeyd edib.
Lindekuli Lukelenin, həmçinin Esvatinidə mövcud olan sosial problemlərə diqqət çəkərək, bu məsələlərin həllinə töhfə verə biləcək beynəlxalq dəstək və maliyyələşdirmə mexanizmlərinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, urban inkişaf sahəsində dayanıqlı həllərin tətbiqi sosial bərabərliyin gücləndirilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
O əlavə edib ki, ölkə rəhbərliyi səviyyəsində, o cümlədən “Mswati III” tərəfindən həyata keçirilən səfərlər və beynəlxalq əməkdaşlıq çərçivəsində sosial ədalətsizliklərin aradan qaldırılması və sosial çağırışların həlli istiqamətində səylərin gücləndirilməsi gözlənilir.
Müxbir-Vüqar Qurbanoğlu