“Heydər Əliyev məktəbi” layihəsinin növbəti mərhələsində memarlıq irsi mövzusu önə çıxıb
Bakı, 24 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və İsmayıllı rayon təşkilatının birgə təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin ikinci mərhələsinin növbəti günündə gənc fəallarla “Heydər Əliyev irsi: keçmişdən gələcəyə memarlıq körpüsü” mövzusunda görüş təşkil olunub.
Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimiz əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşdə iştirak edən YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Asif Əsgərov və YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradovun çıxışlarında bildirilib ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərindən Azərbaycanda memarlıq və quruculuq siyasətinin əsasını qoyub, milli memarlıq ənənələrinin qorunmasına xüsusi önəm verib. Ulu Öndərin rəhbərliyi dövründə şəhərsalma siyasəti tarixi-mədəni irsin qorunması və regionların inkişafı prinsiplərinə əsaslanıb.
Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri bunun bariz nümunəsidir.
Görüşdə gənc fəallardan Nicat Bayramov, Ayşən Quliyeva, Turqay Daşdəmirli və başqaları mövzu ilə əlaqədar fikirlərini bölüşüblər.
Sonra görüş iştirakçılarının sualları cavablandırılıb.
Layihə iştirakçıları daha sonra İsmayıllının Lahıc qəsəbəsinə ekskursiya edərək qədim sənətkarlıq ənənələri ilə tanış olublar. Həmçinin iştirakçıların bilik və bacarıqlarının inkişafı məqsədilə “History Brainstorm” intellektual oyunu və “Gənc Spiker” debat turniri təşkil olunub.