“Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” – yeni nəşr
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının müəllimi filologiya elmləri üzrə fəlsəfə doktoru Pərvin Eyvazovun “Bəkir Çobanzadə: dil tarixi konsepsiyası” adlı monoqrafiyası işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Birinci Türkoloji qurultayın 100 illiyinə və Əməkdar elm xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 90 illik yubileyinə ithaf olunan monoqrafiyada görkəmli türkoloq, professor Bəkir Çobanzadənin elmi yaradıcılığında dil tarixi məsələləri ilk dəfə geniş və sistemli şəkildə araşdırılıb.
Nəşrdə alimin dil tarixinə dair elmi baxışları dörd fəsildə təqdim olunub, tarixi qrammatika və ədəbi dil məsələləri kontekstində təhlil edilib. Kitabda fonetik, leksik və morfoloji quruluşun tarixi inkişaf mərhələləri ilə bağlı müxtəlif məsələlər elmi şəkildə şərh olunub. Bununla yanaşı, Bəkir Çobanzadənin ədəbi dil konsepsiyası, ədəbi dil tarixinin dövrləşdirilməsi, ədəbi şəxsiyyətlərin dili və ümumtürk ədəbi dili ilə bağlı fikirləri çağdaş elmi yanaşmalar əsasında müqayisəli tədqiqata cəlb edilib.
Monoqrafiyanın baş elmi redaktoru və “Ön söz”ün müəllifi BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Tofiq Hacıyevdir. Elmi redaktorlar Türkologiya kafedrasının müdiri professor Məhərrəm Məmmədov və filologiya elmləri doktoru Qızılgül Abdullayeva, rəyçilər isə BDU-nun professoru Reyhan Həbibli, Türkiyənin Fırat Universitetinin professorları Ahmet Buran, Süleyman Kaan Yalçın və Kocaeli Universitetinin dosenti Kenan Acardır.
Kitab türkoloji dilçilik sahəsində çalışan alimlər, professor-müəllim heyəti, gənc tədqiqatçılar, tələbələr və Bəkir Çobanzadənin elmi yaradıcılığı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub.