Özbəkistan universitetinin nümayəndələri AzTU-da olublar
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Namanqan Dövlət Texniki Universiteti (NDTU) ilə əməkdaşlığı çərçivəsində NDTU-nun Mexanika fakültəsinin dekanı professor Avazbek Obidovun rəhbərlik etdiyi nümayəndə heyəti mübadilə proqramı ilə AzTU-da olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar rektor Vilayət Vəliyevlə görüşüblər.
Daha sonra AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov qonaqları universitetin infrastrukturu və müasir kitabxanası ilə tanış edib.
Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları, eləcə də Maşınqayırma texnologiyası kafedrasının əməkdaşları ilə görüşlər zamanı müxtəlif mövzularda birgə tədqiqatların aparılması imkanları müzakirə edilib.
Qonaqlar, həmçinin AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin müəllim və tələbə heyəti üçün seminar keçiblər.