DND xəbər agentliyi: WUF13 Prezident İlham Əliyevin davamlı şəhərsalma siyasətini əks etdirir
Bakı, 18 may, AZƏRTAC
Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən davamlı şəhərsalma və müasir urbanizasiya siyasətinin növbəti nümunəsi kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın DND xəbər agentliyinin yaydığı məqalədə qeyd olunur.
Bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal tədbirlərin, beynəlxalq dialoq və strateji müzakirələrin keçirildiyi mühüm mərkəzə çevrilib.
Məqalədə vurğulanır ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan WUF13 çərçivəsində “ağıllı” şəhərlər, əlverişli mənzil, iqlim dəyişikliklərinə uyğunlaşma, yaşıl şəhər inkişafı və rəqəmsal transformasiya kimi məsələlər müzakirə edilir.
DND agentliyi Azərbaycanın xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi yenidənqurma və “ağıllı şəhər” layihələrinin beynəlxalq səviyyədə diqqət çəkdiyini qeyd edir. Bildirilir ki, postmünaqişə dövründə burada aparılan bərpa prosesi bir çox ölkələr üçün nümunə hesab olunur.
Yazıda forumun yüksək səviyyədə təşkil olunduğu, Bakı Olimpiya Stadionunda yaradılan infrastrukturun beynəlxalq standartlara uyğun qurulduğu da diqqətə çatdırılır.
Qeyd olunur ki, WUF13 urbanizasiya və davamlı şəhər inkişafı sahəsində dünyanın ən böyük beynəlxalq platformalarından biri hesab edilir.