Rizvan Nəbiyev: Türk Dövlətləri Təşkilatı Azərbaycanın sədrliyi dövründə beynəlxalq mövqelərini gücləndirir
Bakı, 16 may, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatı və üzv dövlətlər arasında 35 istiqamət üzrə əməkdaşlıq həyata keçirilir.
“BMT-də müşahidəçi statusunun əldə olunması, eləcə də digər beynəlxalq hüquq subyektlərinə TDT-də müşahidəçi statusunun verilməsi istiqamətində fəaliyyət davam etdirilir. Bu məsələ ötən il Qəbələdə keçirilən Zirvə görüşünün yekun sənədində də öz əksini tapıb. Qəbələ Zirvə görüşündə Türk dünyasının tarixində ilk dəfə təhlükəsizlik, sülh, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinə xüsusi yer ayrılıb. Bunun əsasında Prezident İlham Əliyevin hərbi və siyasi-diplomatik səyləri nəticəsində əldə olunan Qarabağ Zəfəri dayanır. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini və milli ləyaqətini bərpa edib. Milli ləyaqətin bərpasından bütün Türk dünyasına pay düşür. Azərbaycanın Zəfərinin rəmzlərindən olan Şuşa şəhəri Türküstan şəhəri ilə qardaşlaşıb. Həmin qədim türk məkanında rəqəmsallaşmaya həsr olunan qeyri-rəsmi Zirvə görüşü keçirildi. Çünki 1926-cı ildə keçirilmiş Birinci Türkologiya Qurultayının davamçıları olan bugünkü nəsil ulu babalarımızın ideyalarını yeni üsullarla, rəqəmsal formatda həyata keçirməlidir. Yarımçıq qalmış arzular və ideyalar var və biz həmin ideyaları müasir dövrün tələblərinə uyğun şəkildə reallaşdırmalıyıq”, – deyə Rizvan Nəbiyev vurğulayıb.
Deputat bildirib ki, bu baxımdan iki gün sonra Bakıda keçiriləcək və məskunlaşma məsələlərinə həsr olunmuş BMT-nin nüfuzlu beynəlxalq forumu xüsusi əhəmiyyət daşıyır: “BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində işğal nəticəsində torpaqları dağıdılmış, 150 milyard dollardan çox zərər vurulmuş ölkənin azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərini təqdim edəcəyik. Klassik diplomatiya ilə yanaşı, qeyri-hökumət təşkilatlarının fəaliyyəti də beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır”, – deyə deputat bildirib.
Rizvan Nəbiyev forum iştirakçılarını Türk dünyasında həmrəyliyin, birliyin və ortaq düşüncənin gücləndirilməsi istiqamətində yeni konsepsiyalar üzərində birgə işləməyə çağırıb.