16 May - Beynəlxalq İşıq Günüdür
Bakı, 16 may, AZƏRTAC
Hər il mayın 16-da dünyada 2017-ci ilin noyabrında UNESCO tərəfindən təsis edilmiş Beynəlxalq İşıq Günü (International Day of Light) qeyd olunur. Əlamətdar tarix işığın və işıq texnologiyalarının elm, təhsil, mədəniyyət, tibb, kommunikasiya, energetika və dayanıqlı inkişaf sahələrindəki roluna həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu təşəbbüs UNESCO-nun himayəsi ilə 2015-ci ildə keçirilmiş Beynəlxalq İşıq və İşıq Texnologiyaları İlinin davamı olub. Həmin il dünyanın 147 ölkəsində işığın insan həyatında, elmi tədqiqatlarda və texnoloji inkişafda əhəmiyyətinə həsr olunmuş 13 mindən çox tədbir keçirilib.
İşıq bəşəriyyətin mövcudluğu və inkişafında əsas rol oynayır. Fotosintez sayəsində Yer üzündə həyatın yaranmasının əsasını təşkil edir. Optika və işıq texnologiyaları sahəsində aparılan tədqiqatlar alternativ enerji mənbələrinin yaradılmasına, tibbi diaqnostika və müalicənin inkişafına, yüksəksürətli internetin meydana çıxmasına və müasir cəmiyyəti dəyişən digər nailiyyətlərə töhfə verib.
İşığın öyrənilməsi tarixi əsrləri əhatə edir - XI əsrdə nəşr olunmuş İbn əl-Heysəmin “Optika kitabı” əsərindən XX əsrdə Albert Eynşteynin işığın və zamanın təbiəti barədə elmi təsəvvürləri əhəmiyyətli dərəcədə genişləndirən tədqiqatlarınadək.
Təşkilatçıların fikrincə, Beynəlxalq İşıq Günü işıq texnologiyalarının əhəmiyyəti barədə məlumatlılığın artırılmasına, təhsil və elmin inkişafına dəstək göstərilməsinə, həmçinin insanların həyat keyfiyyətinin yaxşılaşdırılması vasitəsilə BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edir.
Bu günün qeyd olunmasının tarixi təsadüfi seçilməyib. Məhz 1960-cı il mayın 16-da amerikalı fizik və mühəndis Teodor Mayman müasir elm və texnikanın ən mühüm ixtiralarından birinə çevrilən lazerin iş prinsipini ilk dəfə uğurla nümayiş etdirib.
Beynəlxalq İşıq Günü çərçivəsində keçirilən tədbirlərin koordinasiyasını dünyanın müxtəlif ölkələrinin elmi-tədqiqat institutları, fizika cəmiyyətləri və təhsil müəssisələri həyata keçirirlər.