Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib? Açıqlama
Bakı, 13 may, AZƏRTAC
Bir müddət öncə ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına və suyun səviyyəsində müxtəlif dəyişikliklərə səbəb olub. Hazırda Kür çayının Ağstafa rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi 444 santimetr (ötən günlə müqayisədə 12 santimetr artım), Zərdab rayonu ərazisində 832 santimetr (2 santimetr azalma), Sabirabad rayonu ərazisində 777 santimetr (36 santimetr artım), Şirvan rayonu ərazisində 679 santimetr (2 santimetr azalma), Salyan rayonu ərazisində 740 santimetr (5 santimetr azalma), Neftçala rayonu ərazisində 258 santimetr (6 santimetr azalma) olaraq qeydə alınıb. Yevlax rayonu ərazisində Kürün səviyyəsində ötən günlə müqayisədə dəyişiklik müşahidə edilməyib: bu ərazidə Kür çayında suyun səviyyəsi 558 santimetrdir.
Bu barədə AZƏRTAC-a ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən məlumat verilib.
Qeyd olunub ki, Qanıx çayının Qax rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 4 santimetr azalaraq 710 santimetr, Lənkərançayın Lənkəran rayonu ərazisindən keçən hissəsində 2 santimetr artaraq 69 santimetr, Vəlvələçayın Quba rayonu ərazisindən keçən hissəsində 3 santimetr artaraq 101 santimetr olaraq qeydə alınıb. Zəyəmçayın Tovuz rayonu ərazisindən keçən hissəsində isə suyun səviyyəsində dəyişiklik yoxdur - 62 santimetr.