Mətin Məmmədli: Azərbaycan bölgədə yeni reallıq yaradıb
Bakı, 14 may, AZƏRTAC
Prezident İlham Əliyevin Zəngilandakı çıxışı Azərbaycanın strateji baxışının, regional gündəliyinin və milli prioritetlərinin konseptual ifadəsi kimi qiymətləndirilməlidir.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Prezident İlham Əliyevin Zəngilan şəhər sakinləri ilə görüşü zamanı səsləndirdiyi tezislərə həsr olunmuş dəyirmi masada çıxış edən Mərkəzin şöbə müdiri Mətin Məmmədli bildirib.
O qeyd edib ki, dövlətimizin başçısının çıxışda həm Azərbaycanın yeni tarixinə siyasi qiymət verilib, həm də gələcəyə yönəlmiş mühüm mesajlar səsləndirilib.
“Bu çıxışda bir sıra mühüm məsələlərə toxunuldu. Xüsusilə sülh prosesi ilə bağlı məqamlar diqqət çəkirdi. Bu gün Azərbaycanın regional siyasətinin əsas prioritetlərindən biri məhz dayanıqlı sülhün təmin olunmasıdır. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, Vətən müharibəsindən sonra regionda tamamilə yeni siyasi reallıqlar formalaşıb və bu reallıqları yaradan məhz Azərbaycandır”, – deyə Mətin Məmmədli bildirib.
Şöbə müdiri vurğulayıb ki, yaranmış yeni reallıqlar bölgədə davamlı sülh üçün əlverişli zəmin formalaşdırıb.
“Düşünürəm ki, xüsusilə Vaşinqton sammitindən sonra sülh prosesində müəyyən müsbət dinamika müşahidə olunur. Bu dinamika özünü həm siyasi-diplomatik münasibətlərdə, həm humanitar istiqamətdə, həm də iqtisadi-ticari əlaqələrdə göstərir. Bununla yanaşı, müəyyən risk və təhdidlər də qalmaqdadır.
Ermənistanda qarşıdan gələn parlament seçkiləri regiondakı proseslərin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Əgər revanşist meyillər yenidən üstünlük qazanarsa və revanşist qüvvələr hakimiyyətə qayıdarsa, bu, sülh prosesinə ciddi təhdid yarada bilər. Lakin Azərbaycan bütün ssenarilərə hazırdır. Azərbaycan regionun qalib və ən güclü dövlətidir. Ölkəmizə qarşı yönələn istənilən təhdid yerində və adekvat şəkildə zərərsizləşdiriləcək”, – deyə şöbə müdiri vurğulayıb.
O əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında regional təhlükəsizlik, əməkdaşlıq və postmünaqişə dövrünün əsas istiqamətləri ilə bağlı mühüm mesajlar yer alıb.