REGİONLAR
Göyçayda becərilən sarımsaq Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır
Kənd sakinləri sarımsağın kilosunu yerində 1 manata təklif edirlər
Göyçay, 15 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkəmizdə aqrar sahədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onlara edilən güzəştlər bütün regionlarda olduğu kimi, Göyçay rayonunda da ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb. Son illər rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb.
Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu il rayonun 35 kəndində 60 hektar sahədə sarımsaq əkilib. Bu da əvvəlki ildəkindən 25 hektar çoxdur. Sarımsaq əkini əsasən rayonun İnçə, Alxasafa, Dövranlı, Hacalıkənd, Məlikənd, Şıxbəy, Şıxəmir, Potu, Qaraməryəm, Çərəkə kəndlərində əkilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıb.
Fermerlər və fərdi təsərrüfat sahibləri sarımsağı ötən ilin sentyabr-oktyabr aylarında əkiblər. Sarımsaq əkini və yığımı əl əməyi ilə aparılır. Bitkiləri ziyanvericilərdən qorumaq üçün vaxtında dərmanlama işləri görülür. Təxminən 40-45 dərəcə şaxtaya davamlı olan sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Bir çox xəstəliklərin dərmanı olan sarımsağın becərilməsi prosesi bu ilin mayınadək davam edib. Kəndlilər məhsuldarlıqdan razıdırlar.
Bu günlərdə sarımsaq yığımına başlanılıb. Mütəxəssislərin sözlərinə görə, sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. Sakinlər öz həyətlərində bir kiloqram sarımsağı müştərilərə 1 manata satırlar. İş adamları kəndlilərdən aldıqları sarımsağı həyətlərdə qablaşdıraraq Rusiya, Ukrayna və Gürcüstan bazarlarına aparırlar.