REGİONLAR


Nüzgar kəndindən olan Abbasovlar ailəsi: Torpağımızı dirçəltməyə qayıdırıq VİDEO

Şəmkir, 2 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarının bir hissəsi Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində ordumuz tərəfindən düşməndən təmizlənən şəhərlər, qəsəbələr, kəndlər öz sahiblərinə qovuşur. Bu şad xəbəri eşidən həmin yaşayış məntəqələrinin sakinləri 27 illik vətən həsrətinin bitdiyinə sevinirlər.

AZƏRTAC xəbər verir ki, Cəbrayıl rayonunun Nüzgar kəndinin işğaldan azad edilməsi xəbərinə sevinən Şəmkir rayonunda müvəqqəti məskunlaşan Abbasovlar ailəsi indi öz doğma kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyirlər.

Ailənin başçısı Tərxan Abbasov Şəmkirdə məskunlaşdığı gündən öz əlləri ilə burada bağ salıb. O, bununla özünə sanki bir təsəlli verdiyini bildirib. İndi isə doğma Nüzgar kəndindəki həyətində bağ-bağça salmağı arzulayır. “Vətən doğulduğun yerdən başlayır. Hər gün gözləmişik ki, doğma Cəbrayıla qayıdacağıq. Sevinirəm ki, ata-babalarımızın qəbrini ziyarət edə biləcəyik. Torpağımızı dirçəltməyə qayıdırıq”, - deyə Tərxan Abbasov əlavə edib.

Qətibə Abbasova isə bildirib ki, bu illər ərzində xatirələrlə yaşayıblar: “Bizim evimiz elə yerdə idi ki, bütün qonşular gəlib bizdə təndir çörəyi bişirirdi. Yəni, mehriban, əmin-amanlıq şəraitində yaşamışıq”.

84 yaşlı Seyran nənə də Nüzgarın işğaldan azad olunması xəbərinə hamıdan çox sevinənlərdəndir. O, uzun illərdir gözünün yolda olduğunu, bu günü səbirsizliklə gözlədiyini söyləyib. “Allah ordumuza qüvvət versin, dövlətimiz sağ olsun. Evimizə qayıdaq, yurdumuzu görək”, – deyə Seyran nənə bildirib.

Böyüklər kimi ailənin kiçik yaşlı üzvləri də doğma Cəbrayıl rayonuna, Nüzgar kəndinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.