İQTİSADİYYAT


Pirallahıda dərman istehsalı müəssisəsi açılıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Pirallahı Sənaye Parkının daha bir rezidenti - dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi “R-Pharm”ın açılışı olub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mərasimdə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və “R-Pharm” Direktorlar Şurasının sədri Aleksey Repik iştirak ediblər.

Məlumat verilib ki, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin davamlı inkişafının təmin edilməsi, istehsal sahəsində məşğulluğun artırılması məqsədilə ölkədə sənaye parkları yaradılır. Hazırda Azərbaycanda kimya sənayesi, təkrar emal, yüngül sənaye, gəmiqayırma, əczaçılıq sahələrində ixtisaslaşmış 5 sənaye parkı fəaliyyət göstərir. Sənaye parklarında sahibkarlar üçün bütün zəruri şərait yaradılıb. Bundan əlavə, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak, torpaq vergisindən, habelə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üzrə ƏDV-dən və gömrük rüsumundan azad edilirlər.

4,6 hektar ərazidə yerləşən zavodun tikintisinə 2018-ci ildə başlanılıb. Müəssisə Avropa ölkələrinin aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq və texnologiyalarla təchiz olunub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsul təşkil edəcək. Zavod laboratoriya, istehsal və logistika bölmələri də daxil olmaqla ölkədə ilk əczaçılıq kompleksi olacaq. İstehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı da nəzərdə tutulur.

Bildirilib ki, Pirallahı Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamına əsasən, ölkədə əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviqi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə Pirallahı rayonunun ərazisində təşkil edilib və müvafiq infrastruktur yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 rezident qeydiyyata alınıb və layihələr üzrə 650-dək daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye parkında artıq bir müəssisə - “Diamed Co” MMC fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.