ELM VƏ TƏHSİL
“Postkonflikt ərazilərin dirçəldilməsinin maliyyə problemləri” mövzusunda konfrans təşkil olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) Zəfər Gününə həsr olunan “Postkonflikt ərazilərin dirçəldilməsinin maliyyə problemləri” mövzusunda tələbə elmi-praktik konfransı və “Qarabağa qayıdış” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib.
Konfransda Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub. Qeyd edilib ki, AƏSMA-nın məzunları Əli Əhmədov, İqbal Babayev, İlkin Ağakişiyev, Aqşin Novruzov da Vətən uğrunda şəhid olublar.
AƏSMA-nın rektoru professor Hüseyn Qaraşov Zəfər Gününün Azərbaycan tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bu qələbənin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət və ordumuzun şücaəti sayəsində təmin olunduğunu qeyd edib.