REGİONLAR


Səyyar “ASAN xidmət” Şəkidə

Şəki, 8 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

“ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu oktyabrın 8-dən başlayaraq Şəki şəhərində sakinlərə səyyar formada xidmətlər göstərir. Bu xidmətlərdən qonşu rayonların sakinləri də yararlana bilərlər.

Əhaliyə səyyar formada xidmətlərin göstərilməsi üçün Şəki şəhərinin mərkəzində, əhalinin gediş-gəlişinin sıx olduğu küçədə xüsusi yer ayrılıb. Sakinlər əvvəlcə məlumat bürosuna yaxınlaşır, sonra növbə əsasında avtobusa daxil olur, müraciətlərini edirlər.

Qəbələ regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri, xidmətin səyyar avtobusunun qrup rəhbəri Azad Qəribov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, səyyar “ASAN xidmət” Şəkidə sakinlərə noyabrın 6-dək xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.