REGİONLAR
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin 40 illik yubileyi qeyd olunub
Xaçmaz, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyətə başlamasının 40 illik yubileyi münasibətilə "Biz tarixi yaşadırıq" mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, muzey 1981-ci ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Ümummilli Liderin iştirakı ilə açılıb.
Konfransın əvvəlində muzeyin direktoru Pakizə Mehdiyeva muzeylərin cəmiyyətdə rolu və əhəmiyyəti, həmçinin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti haqqında ətraflı məlumat verib.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci il sentyabrın 27-də fəaliyyətə başlayıb. Muzeyin yeni binası 2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Muzeyin binası 2 mərtəbəlidir. Birinci mərtəbədə ekspozisiya zalı, işçi və yardımçı otaqlar yerləşir. İkinci mərtəbədə ekspozisiya zalı, yüksəksəviyyəli avadanlıqlarla və müasir texniki vasitələrlə, internetlə təchiz olunan konfrans zalı, tədris mərkəzi fəaliyyət göstərir.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov muzeyin yaranma tarixindən, fəaliyyət istiqamətlərindən danışaraq, kollektivi yubiley münasibətilə təbrik edib.
Muzeyin ilk yaradıcılarından olan tarixçi Vilayət Əskərov çıxışı zamanı muzeyin yarandığı ilk illərdə onun ekspozisiyasının və fondunun formalaşması haqqında maraqlı məlumatlar verib.
Konfransda Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov, Vətən müharibəsi qazisi, mayor Tariyel Didarov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xaçmaz filialının sədri Şövlət Dadaşov çıxış edərək, muzeylə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirdə iştirak edən filologiya elmləri üzrə fəlsəfə elmləri doktoru Firuzə Məmmədli muzeyin fəaliyyətini yüksək qiymətləndirib, kollektivə öz kitablarını hədiyyə edib.
Konfransda muzeyin fəaliyyətinə həsr olunan "Biz tarixi yaşadırıq" adlı videoçarx, Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeylərinin təbrik videoları nümayiş etdirilib.
Muzeyin kollektivinə muzey işində xidmətlərinə görə Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyəsi təqdim olunub.
Şəhid ailələri və müharibə iştirakçıları ilə apardığı mütəmadi iş və əməkdaşlığa, vətənpərvərlik yönümlü tədbirlərin təşkilinə görə muzeyin direktoru Pakizə Mehdiyeva Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Xaçmaz filialı tərəfindən "Vətən naminə" medalı ilə təltif edilib. Bununla yanaşı hərbçilər adından muzeyə təbrik müraciəti ünvanlanıb.
Yubiley tədbirinin sonunda Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzinin solisti Elvin Ağalıyevin və Quba Uşaq Musiqi Məktəbinin müəllimi Coşqun Beydullayevin ifaları təqdim olunub.