İQTİSADİYYAT
® “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfədən çox artıb
“Ziraat Bank Azərbaycan” 2022-ci ilin 2-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən bank xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox artıraraq 3,8 milyon manata çatdırıb.
Təqdim edilən maliyyə nəticələrinə görə bankın cəmi aktivləri də ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artaraq 44 milyon manatı keçib. Bankın cəmi kapitalı isə ötən ilin sonundan 19 milyon 985 min manat artaraq 102 milyon manatı ötüb. İkinci rübün maliyyə hesabatına əsasən bankın kredit portfelində də ciddi artım müşahidə edilib. Belə ki, müştərilərə təqdim edilən kreditlərin ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 faiz artaraq 289 milyon manata çatıb. Bank, həmçinin hüquqi şəxslərin etimadını da qazanmağa davam edir. Belə ki, hüquqi şəxslərin müddətli depozit portfeli də ötən ilin 2-ci rübü ilə müqayisədə 62 faiz artaraq 40 milyon manatı ötüb.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan”ın həm faiz, həm də qeyri-faiz gəlirlərində də ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 26,5 faiz artaraq 14 milyon manatı, qeyri-faiz gəlirləri isə 89 faiz artaraq 6 milyon manatı keçib.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 2014-cü il 30 dekabr tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank xarici ticarət istiqamətində göstərdiyi xidmətə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” nominasiyasına layiq görülüb.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın feysbuk, instaqram, tviter, linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.