® Azərbaycanda ilk dəfə su texnologiyaları üzrə innovativ ideyalarla “WaterTech Bootcamp” hakatonu keçirilib
“EU4ClimateResilience” və GİZ-in maliyyə dəstəyi ilə həyata keçirilən “WaterTech Bootcamp” hakatonu SUP.VC təşkilatçılığı və “Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu”nun tərəfdaşlığı ilə uğurla başa çatıb. Layihə sentyabrın 5-dən 8-dək keçirilib və gənc mütəxəssislər, tələbələr və startap komandaları üçün su idarəçiliyi və texnologiyaları sahəsində innovativ həllər yaratmaq üçün unikal imkan təqdim edib.
“EU4ClimateResilience” layihəsi Avropa İttifaqı (Aİ) və Almaniyanın Ətraf Mühit, İqlim Fəaliyyəti, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi (BMUKN) tərəfindən birgə maliyyələşdirilib və GİZ və OECD tərəfindən icra edilib. Bu maliyyə dəstəyi sayəsində “bootcamp” ekoloji problemlərin həllinə yönəlmiş qabaqcıl ideyaların və texnologiyaların toqquşduğu platformaya çevrilib.
Proqram və mentor dəstəyi
Dörd gün davam edən “bootcamp” çərçivəsində 8 sessiyada 11 təlimçi su ehtiyatlarının idarə olunması, rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi üzrə öz təcrübələrini bölüşüblər. Hakaton mərhələsində 14 komanda iştirak edib və 8 mentorun dəstəyi ilə ideyalarını prototip mərhələsinə gətirərək təqdimata hazırlayıblar.
Yekun mərhələ və qaliblər
Dördüncü gün komandalar layihələrini peşəkar jüri heyətinə təqdim ediblər. Qiymətləndirmə nəticəsində isə qaliblər müəyyən olunub:
∙ I yer – HydroNET
∙ II yer – Zəngəzur BANM
∙ III yer – Hydro Guardians
Jüri heyətinə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev, GIZ layihə məsləhətçisi Rövşən Abbasov, Dövlət Məşğulluq Agentliyi İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Tello Technologies texniki rəhbəri və startup mentor Fuad Allahverdiyev, həmçinin ADSEA IT rəhbəri Seymur Sadıxov daxil olub.
SUP.VC-nin mövqeyi və gələcək planları
SUP.VC-nin direktoru Rəşad Eyvazov qeyd edib ki, bu “bootcamp” həm iştirakçıların peşəkar bacarıqlarını gücləndirib, həm də regionda su texnologiyalarına dair yeni yanaşmaların formalaşmasına təkan verib: “SUP.VC olaraq biz ekoloji dayanıqlılıq sahəsində daha çox layihə həyata keçirməyə və gənclərin ideyalarının reallaşdırılmasına investisiya qoymağa davam edəcəyik”.
Layihə, həmçinin BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq ekosistemdə tərəfdaşlıqların genişlənməsini və su ehtiyatlarının səmərəli idarə olunmasına xidmət edən innovativ yanaşmaların təşviqini hədəfləyib. Gələcək illərdə “WaterTech Bootcamp”un miqyası daha da genişləndiriləcək və regional su texnologiyaları üzrə ixtisaslaşmış innovasiya platformasına çevriləcək.
Əlaqə üçün:
Email: [email protected]
Tel: +994 50 123 45 67
Veb: www.sup.vc