"AtaBank" müştərilərinə yeni "Ata Wi-Fi" xidmətini təklif edir
Bakı, 9 mart, AZƏRTAC
"AtaBank" müştərilərinə yeni "Ata Wi-Fi" xidmətini təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müasir dövrdə qabaqcıl iş adamı bütün əlaqələrini internet üzərindən qurmaq məcburiyyətindədir. Hər zaman işini onlayn idarə edə bilmək, daim yazışmalar aparmaq və hər şeydən xəbərdar olaraq vaxtında qərarlar qəbul edə bilmək müasir biznesin əsas şərtlərindən biridir. Müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsi ilə seçilən "AtaBank" hər zaman onlayn qalaraq bir addım öndə olmaq məqsədilə bütün müştərilərinə yeni "Ata Wi-Fi" xidmətini istifadəyə verib. Artıq "AtaBank"ın Bakı şəhərində yerləşən istənilən filialında müştərilər sürətli internetdən istifadə etmək imkanı əldə edə biləcəklər. Bunun üçün filial daxilində olarkən sadəcə Wi-Fi siyahısında "Ata Wi-Fi" seçərək qaydalarla tanış olmaq, qaydalarla razı olduğunuzu bildirmək, telefon nömrəsini qeyd etmək və nömrəyə SMS vasitəsilə göndərilən PİN kodu müvafiq bölümə daxil etmək lazımdır.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.