"Keşlə"nin baş məşqçisi: Futbolçular verilən tapşırıqları uğurla yerinə yetirdilər
Bakı, 12 mart, AZƏRTAC
Futbolçular verilən tapşırıqları uğurla yerinə yetirdilər və 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Çətin olacağını bilirdik. Sonuncu pillələrdə olmaq istəmirik.
AZƏRTAC xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bu görüşün hər iki komanda üçün vacib qarşılaşma olduğunu bildirib: "Aşağı sıralardakı kollektivlər üz-üzə gəlirdi. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə qol imkanlarından yararlana bilmirdik. Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Artıq bu qarşılaşmanı unudub növbəti matça hazırlaşmalıyıq".
S.Qurbanov rəqibin son iki görüşünü analiz etdiklərini də bildirib: "Zirə" ilə görüşdə çox yaxşı oynamışdılar. "Neftçi"yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq tətbiq etməyə çalışırdıq. Bu, bəzən alınırdı".
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev isə çıxışında bu oyunun bir neçə futbolçu üçün siqnal olduğunu bildirib. O, növbəti mövsüm komandada qalmaq istəyən futbolçuların digər matçlarda özlərini yaxşı tərəfdən göstərməli olduğunu vurğulayıb: "Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. "Keşlə" daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. Erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq".
A.Hacıyev bu oyun üçün heyəti qurmaqda çətinlik çəkdiklərini vurğulayıb: "Qışdan sonra zədəli futbolçularımız çox olub. Bu gün qələbə qazanmaq istəyirdik. Amma alınmadı. Düşdüyümüz durumdan çıxmağa çalışacağıq. Çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unutmalıyıq, rəqibi də qələbə münasibəti ilə təbrik edirəm. Ötən il əvəzedici heyətimiz olmayıb. Biz klubun ayaqda durması üçün çətinliklər çəkmişik. Hazırda elə gənc və hazır futbolçu yoxdur ki, ona şans verək. 3-4 legionerimiz var. Bəzi mövqelərdə yerli futbolçu da tapmaqda çətinlik çəkirik".