"Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsi baş verib
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziya ləğv edilib.
Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Bank tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba istinad edərək bildirir ki, "Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq fevralın 2-si "Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Fond bildirir ki, "Yunayted Kredit Bank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.