ABB İslam maliyyəsi ilə bağlı məhsulunu təqdim etməyə hazırlaşır
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Beynəlxalq Bankı yaxın vaxtlarda İslam maliyyələşməsi üzrə “Murabaha” kreditini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov ABB-nin dayanıqlılıq hesabatına dair mətbuat konfransında deyib.
O bildirib ki, məhsul artıq tam hazırdır. Kreditləşmə məbləği 100 min manatdan 5 milyon manatadək olacaq: “Bizə bununla bağlı müştərilər müraciət edirdi və artıq müzakirələr başlayıb. Düşünürəm ki, yaxın zamanda məhsulu təqdim edəcəyik”.
Bankın səhmdarlarına 2025-ci ilin maliyyə fəaliyyəti üzrə 200 milyon manat dividend ödəyəcəyini deyən bankir qeyd edib ki, dividendin 184 milyon manatı əsas səhmdar olan Azərbaycan hökumətinə, qalan hissəsi isə on minlərlə səhmdara ödəniləcək: “Bankın səhmlərinin gəlirliliyi 15,6 faiz təşkil edir”.
Azərbaycan Beynəlxalq Bankının kapital bazarında aktivliyi artırmaq və kiçik investorları cəlb etmək məqsədilə yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırdığını deyən A.İbrahimov bildirib ki, bank növbəti istiqraz emissiyalarını mərhələli şəkildə həyata keçirməyi nəzərdə tutur və yeni buraxılışlar may ayından davam etdiriləcək: “ABB-nin bu ilin əvvəlində bazara çıxardığı 5 milyon manatlıq istiqraz buraxılışına yüksək tələb qeydə alınıb və qısa müddətdə sifarişlər 50 milyon manatı ötüb”.
Fotoqraf - İlqar Cəfərov