CƏMİYYƏT
Abbas Xəlilov: Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan dünya narkotacirlərinin marşrutunda yerləşən ölkələrdən biridir. Narkotiklərin ölkəyə keçirilməsi hallarına cəhdlər daha çox İranla dövlət sərhədində qeydə alınır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
DSX tərəfindən ictimaiyyətə zaman-zaman narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən sərhəd naryadlarına silahın tətbiq olunmasına dair faktlar çatdırılır.
General-leytenant bildirib ki, torpaqlarımız işğal altında olan zaman Cəbrayıl rayonu istiqamətindəki dövlət sərhədindən narkotik vasitələrin daşınması işlərindən aktiv şəkildə istifadə olunurdu. Ancaq ərazilərimizi işğaldan azad etdikdən sonra biz bu istiqamətdə çox böyük işlər görmüşük. Ancaq buna baxmayaraq, bu qüvvələr oradan yenə istifadə etmək niyyətindədirlər. Hazırda həmin ərazilərdə dövlət sərhədinin mühafizəsi ən yüksək səviyyədə təşkil olunur. Bu gün sərhədçilərimiz vətənimizin keşiyində ayıq-sayıq dayanırlar. Onlar istənilən pozuculuq işlərinə qarşı qətiyyətlə cavab verməyə hazırdılar”.