“ABİTURİYENT JURNALININ 12-Cİ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnalda 2005/2006-cı tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə, müqayisəli təhlillərə (1992-2005-ci illər)i və s. dair materiallar verilmişdir.
Respublika ali məktəblərinə 2004/2005-ci tədris ili üçün tələbə qəbulu imtahanlarının yekunlarına dair təhlil orta təhsilin monitorinqini əks etdirir. Bu araşdırmaların başlıca dəyəri və əhəmiyyəti gənclərin təhsili, sosial və tərbiyə problemləri ilə məşğul olan təhsil müəssisələrinə, elmi-metodik mərkəzlərə, dövlət idarəetmə orqanlarına və ictimai təşkilatlara öz işlərini yaxşılaşdırmaq üçün zəngin fakt və məlumatlar verməsi ilə bağlıdır.
2005/2006-cı tədris ilində ali məktəblərə 27 min 763 gənc daxil olmuş, qəbul planı 96,45 faiz dolmuşdur. Abituriyentlərin imtahan göstəriciləri 2004-cü illə müqayisədə yaxşılaşmışdır. Belə ki, 0-100 bal intervalında nəticə göstərən zəif hazırlıqlı gənclərin sayı ötən ilə nisbətən 3 faiz azalmış, 500-700 bal intervalında nəticə göstərənlərin sayı isə 0,5 faiz artmışdır. Bununla belə, abituriyentlərin böyük əksəriyyəti (78,5 faizi) hələ də 300 baldan aşağı nəticə göstərir. Qobustan, Daşkəsən, Ağcabədi, İmişli, Saatlı rayonları üzrə cari il məzunlarını təmsil edən abituriyentlərin yarısından çoxu qəbul imtahanlarında 100-dən aşağı bal toplamışdır.
Abituriyent ərizələrində Azərbaycan bölməsinin əyani şöbəsi üzrə birinci yerdə göstərilən ixtisaslar daha çox riyaziyyat (BDU), ümumi iqtisadiyyat (ADİU), müalicə işi (ATU) olmuşdur.