ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ SƏYLƏRİNİ ARTIRIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə nazir qeyd etmişdir ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlıq həm ikitərəfli, həm də NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində davam etdirilir. Hazırda Azərbaycan NATO ilə əməkdaşlığını Fərdi Tərəfdaşlığın Fəaliyyət Planına (İPAP) uyğun yerinə yetirir.
General Çarlz Uold Azərbaycanın NATO ilə əməkdaşlığı sahəsində nailiyyətlər əldə etməsini vurğulamış və qeyd etmişdir ki, İPAP-ın uğurla yerinə yetirilməsi Azərbaycanı bu hərbi təşkilata daha da yaxınlaşdıracaqdır.
Sonra general–polkovnik Səfər Əbiyev Cənubi Qafqaz regionunda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında Çarlz Uoldla fikir mübadiləsi aparmışdır. Nazir demişdir: “Münaqişənin həll edilməməsi regionda sülhün və sabitliyin tam bərpa olunmamasının əsas səbəbidir. Azərbaycan bu münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan destruktiv siyasət yeridərək işğalçılıq iddialarından əl çəkmir və əldə etdiyi qeyri-qanuni silah-sursatı işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir. Ermənistan beynəlxalq hüquq normalarına riayət etməli və işğal etdiyi torpaqları qeyd-şərtsiz boşaltmalıdır. Dünya ictimaiyyəti onu buna məcbur etməlidir. Əgər belə olmasa, bu, döyüş əməliyyatlarının yenidən başlanmasına gətirib çıxara bilər.”
Çarlz Uold bildirmişdir ki, bu məsələnin diplomatik yolla həlli hər iki dövlətin xeyrinə olardı. ABŞ münaqişənin həlli istiqamətində səylərini artırır.
Görüşdə tərəflər Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri haqqında fikir mübadiləsi etmişlər.