ABŞ Əfqanıstanda münaqişə tərəfləri arasında danışıqların tezliklə başlamasını gözləyir
Bakı, 17 iyul, AZƏRTAC
ABŞ-ın dövlət katibi Maykl Pompeo Əfqanıstanda sülhün bərqərar olunması üçün əfqanlararası danışıqların yaxın bir neçə həftə ərzində başlamasını gözləyir.
AZƏRTAC xəbər verir ki, ABŞ rəsmisi bu barədə Fox News telekanalına müsahibəsində deyib.
“Bizim strategiyamız istər Əfqanıstan, Suriya və ya mövcud olduğumuz, həmçinin Amerikanın mühüm maraqları olan digər regionlarda amerikalıların təhlükəsizliyinin təmin olunmasına əsaslanır. Buna Əfqanıstanda da nail ola bilərik. Artıq bu ölkədəki qoşunlarımızın sayının azalması istiqamətində xeyli irəliləyiş əldə etmişik. Biz yaxın bir neçə həftə ərzində Əfqanıstanda sülh və barışığın bərqərar olması barədə danışıqların başlayacağına ümid bəsləyirik”, -deyə Maykl Pompeo bildirib.
Xatırladaq ki, ABŞ Əfqanıstanda hərbi əməliyyatlara 2001-ci ildən başlayıb. Hərbi kampaniyanın pik vaxtı - 2010-2013-cü illərdə Qərb koalisiyasının bu ölkədəki qoşunlarının sayı 150 min nəfərdən çox olub. 2014-cü ildə ABŞ və NATO əsas hərbi qüvvələrini Əfqanıstandan çıxarıb. 2018-ci ilin payız aylarında isə Birləşmiş Ştatlar “Taliban” hərəkatı ilə danışıqlara başlayıb. Rəsmi Kabil faktiki olaraq danışıqlardan kənarda qalıb.
Fevralın 29-da Doha şəhərində “Taliban” hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad olunmalıdır.
İndiyədək Əfqanıstan hakimiyyəti “Taliban” hərəkatının 4 mindən çox tərəfdarını, taliblər isə hökumət qüvvələrinin 800-ə yaxın hərbçisini əsirlikdən azad edib.