ABŞ ERMƏNİSTAN–AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN DİNC YOLLA HƏLLİNİ HƏMİŞƏKİNDƏN DAHA ÇOX İSTƏYİR
ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini həmişəkindən daha çox istəyir. Minsk qrupununu həmsədrlərindən biri olan Birləşmiş Ştatlar illər boyu bu münaqişənin həllinə çalışmışdır. Biz münaqişənin razılaşdırılmış, ərazi bütövlüyü prinsipini əsas tutan və digər beynəlxalq prinsipləri nəzərə alan həllinin əldə olunmasının tərəfdarıyıq. Münaqişənin həlli bölgədə sabitliyin və təhlükəsizliyin güclənməsinə gətirib çıxaracaqdır.
AZƏRTAC xəbər verir ki, bu fikri ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin müavini Con Neqroponte oktyabrın 2-də keçirdiyi mətbuat konfrasında bildirmişdir.
Dövlət katibinin müavini demişdir ki, ABŞ Azərbaycanın və regionda yerləşən bütün ölkələrin təhlükəsizliyində maraqlıdır. Ölkələrimiz regional və qlobal sabitlik sahəsində tərəfdaş kimi çalışırlar. ABŞ və Azərbaycan əsgərləri Əfqanıstan və İraqda birgə xidmət edirlər. Azərbaycanın bu kimi prioritetlərə verdiyi töhfələr ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirlir.
Diplomat Azərbaycandan başlayaraq reallaşdırılmış iri enerji layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləmişdir. O demişdir ki, mən Səngəçal terminalı ilə tanışlıq zamanı bu layihələrin Avropada enerji təhlükəsizliyinin təminatçısı olduğunu gördüm.
Azərbaycanda prezident seçkilərinin azad və demokratik şəkildə keçiriləcəyinə əminliyini söyləyən qonaq bu seçkilərlə Azərbaycanın ölkədə gedən demokratik islahatları dünyaya çatdırmaq imkanı qazanacağını bildirmişdir.
######
