İDMAN
ABŞ idmançıları: Bakıda yarışların təşkilində bütün amillər diqqətə alınıb
![ABŞ idmançıları: Bakıda yarışların təşkilində bütün amillər diqqətə alınıb](/files/2022/1/1200x630/16465388932910628071_1200x630.jpg)
Bakı, 6 mart, AZƏRTAC
Akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarında iştirak etmək bizim üçün böyük təcrübədir.
Bunu AZƏRTAC-a amerikalı gimnastlar Uillou Noubl və Sidni Padios deyib.
“Hesab edirik ki, birinci təsnifatda yaxşı nəticə göstərdik. Çıxışımızdan razı qaldıq, bu cür iri yarışda iştirak etmək bizim üçün böyük təcrübə, gücümüzü yoxlamaq imkanıdır. Bakıda yarışların təşkili çox yaxşıdır, idmançılar üçün vacib olan bütün amillər diqqətə alınıb. ABŞ komandası hər şeydən razıdır. Bizim hədəfimiz finala çıxmaq və orada uğurlu çıxış etməkdir”, - deyə gimnastlar bildirib.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
İdmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edir.